Bakı. Trend:
8 may 2024-cü il, Bakı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) 8
may — Beynəlxalq Talassemiya Gününə həsr olunmuş “Qan ver, həyat
ver!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.
Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya
və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının dəstəyi ilə
Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən
Tibb-Sanitar İdarəsində təşkil olunub.
Tədbirdə AZAL-ın 100-ə yaxın əməkdaşı iştirak edib. Aksiyada
iştirak etməzdən əvvəl onların sağlamlıqları Mərkəzi Qan Bankının
həkimləri tərəfindən yoxlanılıb.
Qanvermə aksiyası AZAL-ın sosial məsuliyyət fəaliyyəti çərçivəsində
irsi qan xəstəliklərindən əziyyət çəkən, ağır qəza, cərrahi
əməliyyat və ya təbii fəlakət zamanı risk altına düşmüş şəxslərə
dəstək olmaq məqsədilə həyata keçirilib.
AZAL gələcəkdə bu cür xeyriyyə tədbirlərini davam etdirməyi
planlaşdırır.