...

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən şəxslərə 25 ildən çox cəza verilib

Cəmiyyət Materials 18 Aprel 2013 17:18 (UTC +04:00)
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Şahbaz Həmidov və Cavid Kazımovun cinayət işi üzrə məhkəmə başa çatıb.
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən şəxslərə 25 ildən çox cəza verilib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Məmmədov/

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Şahbaz Həmidov və Cavid Kazımovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Xaməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahbaz Həmidov 13 il, Cavid Kazımov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində həbs olunublar. Hər iki təqsirləndirilən şəxs və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Abuzər adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə gətiriblər.

Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri istiqamətində gizli daşıyarkən yaxalanıb, keçirilmiş baxış zamanı onlardan 14 kiloqram 859 qram tiryək aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti