...

Nazir müavini: Biz dəvəquşu kimi başımızı aşağı salıb “bizdə hər şey əladır” deməməliyik

Cəmiyyət Materials 25 İyun 2013 13:56 (UTC +04:00)
Azərbaycanda bir çox ölkələrdən fərqli olaraq gənclər arasında narkomaniya daha az yayılıb. Amma biz dəvəquşu kimi başımızı aşağı salıb “bizdə hər şey əladır” deməməliyik. Əgər heç bir iş, tədbir görülməsə, biz də həmin ölkələrə çatıb, hətta onları da ötə bilərik.
Nazir müavini: Biz dəvəquşu kimi başımızı aşağı salıb “bizdə hər şey əladır” deməməliyik

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bir çox ölkələrdən fərqli olaraq gənclər arasında narkomaniya daha az yayılıb. Amma biz dəvəquşu kimi başımızı aşağı salıb "bizdə hər şey əladır" deməməliyik. Əgər heç bir iş, tədbir görülməsə, biz də həmin ölkələrə çatıb, hətta onları da ötə bilərik.

Trend-in xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalislərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclər arasında sağlam həyat tərzinin təbliği nəzərdə tutulur. O çərçivədə ölkədə gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

"Gənclər və İdman Nazirliyi cəza verən struktur deyil. Biz yalnız təbliğat apara bilərik. Çalışırıq ki, gənclər arasında sağlam həyat tərzini təbliğ edək. Amma nəzərə alsaq ki, müasir gənclər 10 il bundan qabaqki gənclərdən kəskin şəkildə fərqlənirlər, çalışırıq ki, bu tədbirlər şablon olmasın. Hansısa bir yaşlı professor və ya digər bir ağıllı insan çıxıb kürsüdən onlara öyüd-nəsihət verəndə ki, uşaqlar düz yola gəlin, bu tam effektli olmur. Bunlar da olmalıdır. Amma müasir gənc artıq ona başa düşülməyən dildə, kitab dilində müraciət ediləndə, bir müddətdən sonra keçir sosial şəbəkələrə və artıq həmin o məruzəçinin özünü müzakirəyə qoyur. Ona görə də çalışmaq lazımdır ki, layihələr gənclərin öz iştirakı ilə olsun. Onlara maraqlı olsun və şüuraltı olaraq dərk edilsin. Yəni müasir metodlardan istifadə edilməlidir. Çox təəssüf ki, bəzi təşkilatlar narkomaniyaya qarşı əks-təbliğat aparmağı qarşıya məqsəd qoyurlar, amma düzgün metod seçməyəndə, bir də görürsən ki, onun təbliğatçısına çevrilirlər".

Nazir müavinin fikrincə, təbliğat metodları elə olmalıdır ki, hədəfə dəysin. Naşı təbliğat aparılarsa, sadəcə qarşısına işarə qoymaq xatirinə tədbir keçirilərsə, bu, əksinə mənfi nəticə verə bilər. Ona görə hər şey peşəkar səviyyədə olmalı və hamı bu məsələdə əl-ələ verməlidir:

"Çünki ayrıca hansısa bir nazirlik, təşkilat və ya beynəlxalq qurum bu bəla ilə təkbaşına mübarizə apara bilməz. Bu mövzu hazırda çox aktualdır və çox təəssüf ki, hələ uzun illər aktual olaraq da qalacaq. Bu gün kimsə bəyan etsə ki, qısa müddət ərzində narkomaniyanın kökü kəsiləcək, bu, bir növ Don Kixotun dəyirmanla mübarizəsini xatırladar."

Qeyd edək ki, hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da narkomanların arasında gəncləşmə meyilləri artır və hazırda ölkədə gənclər arasında narkomanlığın yayılması 17 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti