...

Bakının mərkəzi küçəsində yolun təmiri tamamlanmaq üzrədir

Cəmiyyət Materials 25 İyun 2014 12:21 (UTC +04:00)
Bakının Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri tam yekunlaşıb.
Bakının mərkəzi küçəsində yolun təmiri tamamlanmaq üzrədir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bakının Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri tam yekunlaşıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

İyunun 23-ü axşam 00:00-dan yolun Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsinin bağlandığını xatırladan P.Mürsəliyev qeyd edib ki, hazırda işlər intensiv qaydada davam etdirilir: "Kommunikasiya xətləri üçün qazılmış xəndəklər lazımi materiallarla doldurularaq kipləşdirilib və üzərində 20 sm qalınlığında asfalt vurularaq yolun səviyyəsi ilə eyniləşdiriləcək, paralel bardürlərin mərmər bardürlərlə əvəzlənməsi işləri, kommunikasiya quyularının dəmir-beton piltələrinin dəyişdirilməsi və s. işlər davam etdirilir".

Onun sözlərinə görə, yaxın bir-iki gün ərzində köhnə asfalt-beton örtüyü frez mexanizmi vasitəsilə qaşınacaq və yeni asfalt-beton örtüyü döşəniləcək.

P.Mürsəliyev əlavə edib ki, "Azəryolservis" ASC bəzi KİV-lərin və sürücülərin bununla bağlı narahatçılığına heç bir ehtiyac görmür. ASC tərtib olunmuş qrafik əsasında öz işlərin davam etdirir: "Yaxın bir həftə ərzində Cəlil Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissədə təmir işləri tamamlanacaq və bundan sonra növbəti 5-6 gün ərzində ümumiyyətlə, Azər Əliyev küçəsi ilə kəsişmədən Tbilisi prospektinə qədər olan hissədə işlər yekunlaşacaq. Bununla da Həsən Əliyev küçəsində işlər tamamilə yekunlaşacaq. Bəzi KİV-lər yazır ki, guya yol polisi ilə problemlər var. Bütün bunlar əsassızdır. Heç bir problem yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti