...

Azərbaycanda lisenziyadan kənar fəaliyyətlə məşğul olacaq həkimlərin cərimələri müəyyən edildi

Cəmiyyət Materials 24 Fevral 2015 13:32 (UTC +04:00)
Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirməyə görə cərimə ediləcəklər.
Azərbaycanda lisenziyadan kənar fəaliyyətlə məşğul olacaq həkimlərin cərimələri müəyyən edildi

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirməyə görə cərimə ediləcəklər. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məcəlləyə əlavə edilməsi təklif edilən 65-3.1-ci maddəyə əsasən, Azərbaycanda tibbi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək miqdarda cərimə edilir.

Məcəlləyə əlavə edilməsi təklif edilən 65-3.2-ci maddəyə əsasən isə, tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə fiziki şəxslər 100 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 800 manatadək miqdarda cərimə edilir.

"Əhalinin sağlamlığının qorunması haqqında" qanununa təklif edilən dəyişiklərə əsasən isə, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.

Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.

Hər iki dəyişiklik plenar iclasda səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti