...

Qaxda "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda regional konfrans işə başlayıb

Cəmiyyət Materials 29 Aprel 2015 19:01 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 29-da Qax şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb.
Qaxda "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda regional konfrans işə başlayıb

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 29-da Qax şəhərində "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda regional konfrans işə başlayıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək tədbirdə Qax, Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, fəal dindarlar, ilahiyyatçılar, həmçinin Komitənin rəsmiləri iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla anıblar.

Tədbiri Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.

DQİDK-nin sədri Mübariz Qurbanlı bildirib ki, Komitə tərəfindən bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyəyə çatıb. Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkə iqtisadiyyatı gündən-günə güclənir. Digər bölgələr kimi, bu gün Qax rayonu da yeni inkişaf mərhələsini yaşayır, hər yerdə abadlıq, quruculuq işləri gedir, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır.

Azərbaycan xalqının çox qədim tarixə malik olduğunu vurğulayan Komitə sədri bildirib ki, Qax rayonu bu tarixi yolun ən bariz nümunələrini özündə əks etdirir. Bu bölgədə hər daşın altında bir tarix vardır. Bu gün Qax rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların, o cümlədən müxtəlif etnosların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin, gürcü kilsəsinin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğu və birgə fəaliyyət göstərdiyi hamıya yaxşı bəllidir.

Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği bu gün qarşıda duran ən vacib məsələlərdəndir. Çünki hazırda dünyada İslam dinini radikalizmə sürükləmək meyilləri artmaqdadır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır. Azərbaycanın inkişafını, tərəqqisini gözü götürməyən bəzi qüvvələr din vasitəsilə ölkəmizdə təxribat törətmək istəyirlər. Lakin belə qüvvələr heç zaman məqsədlərinə çata bilməyəcəklər. Onların qarşısı hər zaman qətiyyətlə alınır və alınacaq.

Konfransda Milli Məclisin deputatı Azər Kərimli və digərləri çıxış edərək, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi və tolerantlıq mühitinin qorunması istiqamətində görülən işlərdən danışıblar.

Daha sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və Milli Məclisin deputatı Azər Kərimli Qax şəhər məscidi, Qax Cümə məscidi və Qax-İngiloy kəndindəki Müqəddəs Georgi kilsəsini ziyarət edərək dindarlar və icma üzvləri ilə görüşüblər.

Aprelin 30-da konfrans işini plenar iclaslarda davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti