...

Mətbuat Şurasının sədri Türk Dünyası Jurnalistləri Şurasının II toplantısında iştirak edir (FOTO)

Cəmiyyət Materials 27 May 2015 18:53 (UTC +04:00)
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Türk Dünyası Jurnalistləri Şurasının II toplantısı fəaliyyətə başlayıb.
Mətbuat Şurasının sədri Türk Dünyası Jurnalistləri Şurasının II toplantısında iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Türk Dünyası Jurnalistləri Şurasının II toplantısı fəaliyyətə başlayıb. 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak etdiyi tədbirə ölkəmizdən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qatılıb.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, toplantı iştirakçıları öncə təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet və jurnalların nümunələri əsasında hazırlanmış media sərgisinə qatılıblar. Sərgidə yaradılmış Azərbaycan guşəsi böyük maraqla qarşılanıb.

MŞ sədri Ə.Amaşov toplantıdakı məruzəsində türk dünyası ilə bağlı media qurumlarının mövcudluğunun əhəmiyyətindən danışıb, onları bu məkanın dünyaya təsir gücünün artırılmasındakı mühüm vasitələr kimi dəyərləndirib. Qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərindən, türk dünyası mediasının mövcud dünya düzənindəki rolundan söz açan Ə.Amaşov həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinə toxunub, Azərbaycanda jurnalistikanın vəziyyəti barədə məlumat verib.

Toplantıda Azərbaycan Mətbuat Şurası Türk Dünyası Jurnalistləri Federasiyasının Türk Dünyası Media Mükafatına layiq görülüb.

Tatarıstanın və bütövlükdə Rusiyanın rəsmi nümayəndələrinin, elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanıb, türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin yanaşma tərzini əks etdirən məqamların təhlili aparılıb.

Qeyd edək ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində baş tutmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti