...

"Sosial iş" modelinin tətbiqi ilə bağlı təlimlər keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2017 12:11 (UTC +04:00)
“Sosial iş” modelinin tətbiqi ilə əlaqədar sosial xidmət işçiləri üçün növbəti təlimlərə başlanılıb.
"Sosial iş" modelinin tətbiqi ilə bağlı təlimlər keçirilib (FOTO)

Bakı. Trend:

Ölkədə “Sosial iş” modelinin tətbiqinə hazırlıq işlərinin davamı olaraq, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin “2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində Bakı şəhəri, Qəbələ və Tovuz rayonları üzrə sosial xidmət işçiləri üçün “Sosial işin əsasları” mövzusunda silsilə təlimlərə başlanılıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Buununla əlaqədar keçirilən tədbirdə Azərbaycanda sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi məqsədilə ötən dövrdə aparılan işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, son illərdə Avropa İttifaqının dəstəyi ilə ƏƏSMN və Avstryanın aidiyyəti qurumları tərəfindən birgə icra olunan “Sosial xidmətin inkişafı” Tvinninq Layihəsi bu sahədə mühüm önəm kəsb edib. Layihə çərçivəsində yeni “sosial iş” modelinin yaradılması istiqamətində də bir sıra işlər görülüb.

Bütün dünyada geniş yayılmış “Sosial iş” modeli çətin həyat şəraitinə düşmüş insanlara kömək etməyə istiqamətlənmiş çoxşaxəli və geniş fəaliyyəti özündə ifadə edir. Bu fəaliyyət sosial müdafiəyə ehtiyacı olan şəxslərin (əlilliyi olan şəxslərin, ailə mühitindən məhrum olmuş uşaqların, tənha ahılların, aztəminatlı ailələrin və b.) problemlərinin həlli, sosial xidmətlərin onlara daha əlçatan olmasının təmin edilməsi, həmin insanların cəmiyyətə inteqrasiyasının bərpa edilməsi, sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. sahələrdə də xidmətlərin göstərilməsini nəzərdə tutur. Bununla əlaqədar “Sosial xidmətin inkişafı” Tvinninq Layihəsi üzrə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun bir sıra şəhər (rayon) şöbələrinin sosial xidmət əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “Sosial iş” modeli əsasında təkmilləşdirilməsi üçün bir sıra təlimlər keçirilib. Təlimlərin sonunda isə iştirakçılara sertifikatlar verilib.

Hazırda isə UNİCEF-lə əməkdaşlıq müstəvisində bu təlimlərin Bakı şəhəri, Qəbələ və Tovuz rayonları üzrə sosial xidmət işçiləri üçün “Sosial işin əsasları” mövzusunda davam etdirilməsinə başlanılır. Bu təlimlərdə iştirakçılara sosial xidmətlər sahəsində, o cümlədən “Sosial iş” modeli üzrə qabaqcıl beynəlxalq təcrübə öyrədiləcək, onların bilik və bacarıqları artırılacaq.

“Sosial iş” modelinin Dövlət Sosial Müdafiə Fondunun bütün şəhər (rayon) şöbələrində və sosial xidmət müəssisələrində ardıcıl şəkildə tətbiqinin həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti