Bakı. Azad Həsənli - Trend:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Avstraliya şirkətlərinə yeni gəmilərin inşası ilə bağlı sifariş verməyi planlaşdırır.
Bunu Trend-ə Avstraliyada Azərbaycan ticarət palatasının direktoru Nizami Cəfərov bildirib.
Nizami Cəfərov bildirib: "Yeni gəmilərin inşası ilə bağlı danışıqlar hələlik aparılmır, amma gələcək üçün belə planlar var".
N.Cəfərov qeyd edib ki, 2013-cü ildə QSC və "Caspian Marine Services" Avstraliyanın "Incat Crowther" və "Austal" şirkətlərinə iki gəminin inşasını sifariş etmişdi: "2015-ci ildə "Austal" şirkəti "Incat Crowther" şirkətinin dizaynı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" üçün "Müslüm Maqomayev" gəmisini inşa edib, 2016-cı ildə isə eyni şirkətlər "Caspian Marine Services" üçün "Rəşid Behbudov" gəmisini inşa ediblər. Bu sürətli sərnişin gəmiləri, əsasən, neft platformalarına mühəndislərin aparılması üçün istifadə olunur. Gəmilərin inşasının ümumi dəyəri təxminən 100 milyon dollar təşkil edib".