...

Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində

Cəmiyyət Materials 21 Fevral 2018 12:57 (UTC +04:00)
2018-ci il xalqımız üçün olduqca əlamətdar yubileylər ilidir.
Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində

2018-ci il xalqımız üçün olduqca əlamətdar yubileylər ilidir. Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu il Şərqdə ilk cümhuriyyətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik və Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri qeyd olunur. Bu əlamətdar tarixi hadisələr ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bir araya təsadüf edir. Ölkənin ictimai-siyasi və mədəni həyatında önəmli olan bu tədbirlər universitetlərimizin tədris, təlim-tərbiyə, elmi-tədqiqat və beynəlxalq əlaqələri istiqamətində fəaliyyətində ciddi canlanmaya səbəb olmaqla, professor-müəllim və tələbə heyətinin konkret layihələrə cəlb edilməsi üçün geniş perspektivlər açıb. Göstərilən əlamətdar hadisələrin hər biri ilə bağlı Bakı Slavyan Universitetində konkret tədbirlər planları hazırlanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq tövsiyələri də nəzərə alınmaqla onlar Elmi Şurada müzakirə və təsdiq olunmuş, universitetin müvafiq struktur­larında, eləcə də xaricdə fəaliyyət göstərən Azərbay­canşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzlərində hazırlıq işlərinə start verilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik və Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə universitetdə fəaliyyət göstərən bütün tədris-mədəniyyət mərkəzlərinin illik iş planlarına əlavələr edilmiş, BSU-nun xarici universitetlərdə təşkil olunmuş 7 Azərbay­canşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzləri üçün konkret fəaliyyət planı hazırlanmışdır. Fəaliyyət planında Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, azərbaycançılıq ideyalarını və xalqımızın dövlətçilik ənənələrini, müstəqillik ideallarını, milli-mədəni dəyərlərimizi, Ulu öndərin Azərbaycançılıq məfkurəsini xarici auditoriyalarda tanıdan və təbliğ edən tədbirlərə, telekörpülərə, dəyirmi masalara, intellektual yarışlara və mühazirələrə yer verilir. BSU-nun bütün tədris-mədəniyyət mərkəzlərində müvafiq ölkələrin səfirlikləri ilə müştərək tədbirlər, ədəbi-bədii kompozisiyalar, prezentasiyalar, rəsm və foto­sərgilərin təşkili planlaşdırılıb.

Tədbirlər planında BSU-nun xaricdəki mərkəzlərinin göstərilən yubileylərlə bağlı elmi, elmi-kütləvi, tədris-metodiki ədəbiyyatlarla və Azərbaycanın tanıdıl­masına yönələn məlumat kitabçaları ilə təmin olunması, mərkəzlərin milli geyim­lər və rəmzlərlə, onların nəzdindəki kitabxana fondunun yeni ədəbiyyat­larla təh­ciz olunması, Universitetin aparıcı alimlərinin xaricdəki mərkəzlərimizdə mühazirələri və görüşləri nəzərdə tutulub.

2016-cı ildə özünün 70 illik yubileyini təntənə ilə qeyd edən Bakı Slavyan Universiteti ötən təqvim ilində həmtəsisçisi və naşiri olduğu “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının da 70 illiyini bayram etdi. Yubiley tədbir­lərində ölkəmizin təhsil və elmi ictimaiyyətinin, mətbuatın nümayəndələri ilə yanaşı, universitetin əməkdaşlıq etdiyi xarici universitetlərin təmsilçiləri, o cümlədən, Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova iştirak etdi. Universitetin 70 illik yubiley ərəfəsində birinci tədris korpusunun əsaslı şəkildə təmiri və yeni­dən qurulması, ən yeni tədris avadanlıqları və texnologiyaları ilə təhciz edilməsi, 50 nəfərədək universitet əməkdaşının müxtəlif dövlət təltiflərinə - “Əməkdar elm xadimi”, “Əməkdar müəllim”, “Əməkdar jurnalist” Fəxri adlarına, “Tərəqqi” medalına, “Qabaqcıl təhsil işçisi” döş nişanına, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülməsi, son iki il ərzində tələbə qəbulu planının yüksək səviyyədə yerinə yetirilməsi və buna uyğun olaraq professor-müəllim heyətinin əməkhaqlarının artırılması və s. tədbirlər universitet həyatında ciddi canlan­ma yaratdı.

Ötən təqvim və tədris ili BSU-nun elmi-tədqiqat və beynəlxalq əlaqə­lərində daha yaddaqalan oldu. Azərbaycanın müxtəlif ölkələrlə, eləcə də slavyan ölkələri ilə diplomatik əlaqələrinin yaranmasının 25 illiyi kimi mühüm beynəlxalq tədbirlər məhz BSU-da qeyd edildi. Ukrayna Respublikasının və Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliklərinin universitetimizdə təşkil olunan və həmin ölkələrə aid BSU tədris-mədəniyyət mərkəzlərinin yaxından iştirakı ilə keçirilən tədbirlərində slavyan ölkələrini təmsil edən səfirlərlə yanaşı, 30-dan artıq digər ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı regionunun ən böyük və nüfuzlu rusistika və slavistika mərkəzi kimi tanınan ali təhsil ocağına marağın göstəricisidir. Təsadüfi deyil ki, BSU nümayəndələri ötən il ölkəmizdə keçirilən Beynəlxalq humanitar forumlarda fəal təmsil olunmuş, yüksək səviyyəli qonaqları qəbul etmiş, tələbələrə Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotovanın, rusiyalı siyasətçilər Aleksandr Duqin və Gennadi Burbulisin, amerikalı jurnalist Peter Tasenin və başqalarının mühazirə və ustad dərslərini dinləmək imkanı yaradılmışdır. ADA Universitetinin xətti ilə xaricdən dəvət olunmuş beynəlxalq əlaqələr üzrə tanınmış mütəxəssislərin BSU tələbələri üçün mühazirələri artıq ənənə şəklini almışdır. Bu günlərdə milli bayramımız Novruz ərəfəsində Bolqarıstan Respublikasının Azərbay­candakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Avropa Birliyinə sədrliyi ilə bağlı təqdimatın BSU-da keçirilməsinin planlaşdırılması da universitetimizin slavyan ölkələrinin, onların dil və mədəniy­yətlərinin öyrənilməsi və təbliği işində davamlı fəaliyyətinin təzahürüdür.

BSU əməkdaşları Rusiyanın 27 universiteti ilə bağlanılmış ikitərəfli müqavilələrə əsasən Moskva, Sankt-Peterburq, Ufa, Kazan, Stavropol və s. şəhərlərdə, eləcə də MDB paytaxtlarında (Bişkek, Astana, Düşənbə, Kişinyov) keçirilən onlarla beynəlxalq tədbirlərin iştirakçısı olmuş, Rusiya-Azərbaycan univer­sitetləri assosiyasiyasının tədbirlərində və Rusiya-Azərbaycan region­lararası forumlarda iştirak etmişlər. 2017-ci ilin aprelinə təsadüf edən və Kişin­yovda keçirilən Slavyan universitetlərinin II Forumunda tədris işləri üzrə prorektor prof. T.H.Cəfərovun rəhbərliyi ilə professor-müəllim və tələbə heyətini təmsil edən nümayəndələrin fəal­lığına görə BSU YUNESKO-nun xüsusi diplomuna layiq görülmüşdür.

Ötən tədris ilində BSU qrant layihələri əsasında iki Beynəlxalq elmi konfransa ev sahibliyi etmiş, Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən ənənəvi “Azərbaycanşünaslığın aktual problemləri” adlı IX Beynəlxalq elmi konfrans xarici universitetlərdə fəaliyyət göstərən Azər­baycan dili və mədəniyyəti mərkəzlərinin nümayəndələri də qatılmaqla yüksək səviyyədə təşkil etmişdir. Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiyasiyası (MAPRYAL) ilə birgə keçirilən və Azərbaycanda rus dili və ədəbiyyatının tədrisi problemlərinə həsr olunan Beynəlxalq elmi konfransda MAPRYALın və Rusiya Təhsil Akademi­yasının Prezidenti akademik Lyudmila Verbitski, Rusiya Xalqlar Döstluğu Universiteti, Puskin adına Dövlət Rus Dili İnstitutu, Ukrayna, Belarus, Gürcüstan və Qazaxstan universitetlərini təmsil edən 40-dan artıq metodist-alim iştirak etmiş, qrant layihəsi çərçivəsində BSU rusistləri və metodistlərinin müəllifliyi ilə yazılmış ali və orta məktəblər üçün “Rus dili” və “Literatura” dərslik komplekslərinin təqdimatı olmuşdur. Milli kimlik mövzusunda BSU-nun Kembric Universiteti ilə birgə keçirdiyi konfrans professor-müəllim heyəti, doktorant və magis­tranların iştirakı ilə elmi müzakirələrə imkan vermişdir. Bu Beynəlxalq konfransda yerli mütəxəssislər yanaşı, İngiltərənin Oksford və Kembric, Türkiyənin Qazi və Mərmərə universitetlərinin professorlarının iştirakı problemlə bağlı maraqlı müzakirələrə səbəb olub.

Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 100 illik və Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileylərinə hazırlıq tədbirləri çərçivəsində universitet hazırda 7 xarici universitetdə fəaliyyət gös­tərən Azərbaycanşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzləri, bu univer­sitetlərin özləri ilə əlaqələrə xüsusi önəm verir. Universitet rəhbərliyi BSU-da və onun xaricdə təşkil etdiyi mərkəzlərdə (Moskva Dövlət Linqvistik Uni­versiteti, Müqəddəs Oxridski adına Sofiya Universiteti, Kiyev Linqvistik Universiteti, Poltava Ticarət-Sənayə Akademiyası, Cerniqov Dövlət Univer­siteti, M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, Ural Dövlət Universiteti) azərbaycanşünaslığın inkişafı ilə bağlı prezident İlham Əliyevin 2008-ci il tarixli sərəncamına müvafiq olaraq, hər il konkret tədbirlər planı həyata keçirir. Son bir il ərzində BSU rektoru professor Nurlana Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanda olmuş, Sofiya Universitetindəki mərkəzin əməkdaşları ilə görüşmüş, Novruz bayramına təsadüf edən bu səfər zamanı milli dəyərlərimizin geniş təqdimatı olmuşdur. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa edilmiş “Trapezitsa” Memarlıq Muzey-Qoruğu ziyarət edilmiş, Sofiya universitetlərində mühazirələr təşkil olunmuşdur.

Kiyev Linqvistik Uni­ver­siteti və M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ilə müştərək elmi əsərlər çap olunmuş, Cerniqov Dövlət Texnologiya Univer­sitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi, Azərbaycan dili Bazar məktəbi fəaliy­yətə başlamışdır. BSU-nun rektoru prof. N.M.Əliyeva və elmi işlər üzrə prorektor R.M.Novruzov göstərilən univer­sitetin Fəxri professoru adına layiq görülmüşlər.

Nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərən slavyan universitetlərinin tələbələri üçün Azərbaycan dili üzrə Yay və Qış məktəbləri zəngin və maraqlı proqramları ilə əcnəbi tələbələrdə böyük maraq doğurur. Keçən ilin yayında Müqəddəs Oxridski adına Sofiya Universitetinin, bu qış tətili zamanı isə Moskva Dövlət Linqvistik Universitetinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbələri üçün BSU-da xüsusi proqram üzrə dil hazırlığı kursları təşkil olunmuş, tələbələr paytaxtımız və bölgələrimizlə tanış edilmişlər.

BSU-nun “Azərbaycanşünaslıq” Tədris-mədəniyyət mərkəzi sadalanan bütün xarici mərkəzlər üçün tarixi hadisələrlə bağlı tədbirlər planı tərtib etmiş, qarşılıqlı mütəmadi məlumat mübadiləsi təmin olunmuşdur. Ulu öndərin 95 illiyinə həsr olunan və Universitetin təşkilatçılığı ilə keçirilən Beynəlxalq elmi konfransa sadalanan xarici Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən elmi məruzələrin tezisləri qəbul edilməkdədir.

BSU nəzdində fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri univer­sitetdə təmsil olunan ixtisaslara, dil və mədəniyyətlərə müvafiq olaraq, müxtəlif layihələr həyata keçirir. Mədəni-kütləvi tədbirlər üstünlük təşkil etsə də, bir sıra mərkəzlər, o cümlədən, Yunan, Polşa, Belarus, Rusiya, Ukrayna mərkəzləri builki fəaliyyətlərində bədii tərcümələrə, lüğətlərin və məlumat kitabçalarının tərtibinə üstünlük veriblər. Ötən ilin noyabrında Yunanstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosla BSU-da görüşdən sonra onun təşəbbüsü ilə 8 ölkənin səfirinin iştirakı ilə “XXI əsr: dünyaya baxış, təhsil və mədəniyyətin harmoniyası” mövzusunda Dəyirmi masa keçirildi. BSU-nun “Luğət mərkəzi”nin müdiri prof. T.Şükürbəyli və M.Tank adına Minsk Pedaqoji Universitetinin dosenti V.Stari­çonokun müəllifliyi ilə “Belarusca-azərbaycanca, azərbaycanca-belarusca” lüğəti tərtib olunmuş və nəşr edilmişdir.

BSU-nun Polşanın Torun Universiteti, “Adam Marşalek” Holdinqi ilə sıx əməkdaşlıq əlaqələri ənənəvi olaraq bu ölkədə keçirilən Asiya Konqresində universitetimizin alimlərinin iştirakına şərait yaradıb. BSU nümayəndə heyəti keçən il 14-15 may tarixlərə təsadüf edən konqresdə iştirak etmiş, növbəti - V Beynəlxalq Asiya Konqresinin (9-11 may, 2018-ci il) Polşa və Azərbaycanın dövlət müstəqilliyinin 100 illik yubileyinə həsr olunması barədə razılıq əldə edilmişdir.

BSU-nun beş nəfər tələbəsi M.Tank adına Minsk Pedaqoji Universitetində keçirilən “MDB ulduzları” festivalında Azərbaycanı təmsil etmiş, bir qrup rusiyaşünas tələbələrimiz isə Soçidə keçirilən intellektual yarışlarda fərqlənmişlər. Yaxın günlərdə M.Tank adına Minsk Pedaqoji Universiteti rektorunun Azərbaycana, BSU rektorunun Belarusa səfərləri, eləcə də Moskva Dövlət Linqvistik Universiteti rektorunun Bakıya gəlişi, BSU nümayəndə heyətinin isə Minskdə keçiriləcək konfransda iştirakı gözlənilir.

BSU nəzdində tədris-mədəniyyət mərkəzlərinin fəaliyyətini gücləndirmək, universitetdə tədris olunan əcnəbi dillər üzrə tələbələrin dil-danışıq vərdişlərini inkişaf etdirmək, onların tələbə və müəllim mübadiləsi proqramlarında iştirak imkanlarını genişləndirmək məqsədilə xarici mütəxəssislərin ilboyu və ya müəyyən müddətə tədris prosesinə cəlbinə diqqət artırılıb. Polşa, Almaniya və Çexiyadan dəvət olunmuş əcnəbi müəllimlər tədrislə yanaşı, nəşr və tərcümə layihələrinə də qoşulublar.

Müxtəlif slavyan dilləri (“Tərcümə” ixtisası) və ölkələri (“Regionşünaslıq”) üzrə bakalavriat səviyyəsini bitirən tələbələrin BSU ilə əməkdaşlıq edən Rusiya, Polşa, Çexiya, Belarus, Ukrayna universitetlərində magistratura təhsilini davam etdirmələri, “Erasmus+”, “Mövlana” Beynəlxalq proqramları üzrə tələbə mübadiləsində daha çox tələbənin iştirakı üçün universitetin Beynəlxalq şöbəsi müfafiq təqdimatlar edir. Azərbaycanın bir sıra universitetlərinin, o cümlədən, BSU-nun iştirak etdiyi yeni “Erasmus+” Beynəlxalq mübadilə proqramı (PETRA) ali təhsil ocaq­larımızda tədris və təlimə, elmi innovasiyaların tətbiqinə və “Elektron universitet” layihəsinin icrasına dəstək olacağına, həm də ölkənin paytaxtda və regionda yerləşən universitetləri arasında əlaqələrin yaranmasına və möhkəm­lənməsinə xidmət edəcək.

BSU-da əcnəbi vətəndaşların, o cümlədən, MDB məkanında yaşayan soydaşlarımızın bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almalarına lazımi şərait yaradılıb. Son iki ildə dövlətlərarası müqavilələr əsasında Çin, Vyetnam, Türkiyə vətəndaşlarının magistratura şöbəsində “Rus dili” ixtisası üzrə təhsil almaq üçün müraciətlərinin sayı artıb. Tələbə qəbulu kompaniyasının təşkili məqsədilə Əcnəbi tələbələrlə iş üzrə dekanlığın, Beynəlxalq şöbənin, Türk araşdırmaları mərkəzinin əməkdaşları Türkiyə, Rusiya və Misirə ezam olunublar.

Hazırda universitetdə Ulu öndərin 95 illiyinə, onun çoxşaxəli fəaliyyətinə, dil-ədəbiyyat, mədəniyyət və azərbaycanşünaslıq məsələlərinə münasibətinə həsr olunmuş elmi məcmuə hazırlanır. Azərbaycan, rus və ingilis dillərində tərtib olunan bu məcmuə Ümummilli liderin təşəbbüsü ilə yaradılmış BSU-nun inkişafında onun rolunu vurğulamaq, universitetin qazandığı müvəf­fəqiyyətləri, xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədə­niyyəti mərkəzlərində və bu tədris ocağının özündə təşkil olunmuş tədris-mədəniyyət mərkəz­lərində görülən işləri işıqlandırmaq məqsədi güdür.

Universitetin nəzdində fəaliyyət göstərən Rusiya tədris-mədəniyyət mərkəz­ləri (Moskva və Sankt-Peterburq auditoriyaları) Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə müştərək yubiley tədbirləri, yaradıcılıq gecələri, yeni dərsliklərin və kitabların təqdimatlarını keçirib. Puşkin, Lermontov, Yesenin, Axmatova yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrə tələbələrlə yanaşı, orta məktəb şagirdləri və müəllimləri dəvət olunub. Artıq neçə illərdir ki, BSU Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə ke­çi­rilən Rus dili üzrə Respublika olimpiadasının və Puşkiniana müsabiqəsinin yekun mərhələsinə ev sahibliyi edir.

MDU-nin Bakı Filialı və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində rus dilində təşkil olunan, Rusiyanın etnoqrafiyasına, coğrafiya və tarixinə həsr edilən imla müsabiqələrində, rusca kütləvi imla yazısında BSU-nun rus bölmələrinin tələbələri ilə yanaşı, Azərbaycan bölmələrinin də tələbələrinin fəal iştirakına şərait yaradılıb.

BSU Rusiya Xalqlar Döstluğu Universiteti tərəfindən icra olunan “Şəbə­kə universiteti” layihəsində iştirakını davam etdirir və “Filologiya (rus dili və ədəbiyyatı)” ixisası üzrə magistratura səviyyəsində ikili diplom verir.

Universitet Azərbaycan və rus dilində təlimlə yanaşı, bir sıra ixtisaslar üzrə ingilis dilində tədris prosesinin təşkilini planlaşdırır. Bu aylarda Monteneqro və Rumıniyada Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması barədə razılıq əldə olu­nub, əməkdaşlıq müqavilələri imzalanıb.

BSU Qafqazda və Zaqafqaziyada rusistikanın mərkəzi kimi ali və orta təhsil pilləsində pedaqoji və elmi-pedaqoji kadrların ixtisasartırma, ixtisasdəyişmə və stajkeçmə tədbirlərinə xüsusi önəm verir. Son iki ildə bu məqsədlə Rusiyanın bir sıra aparıcı universitetləri ilə (Rusiya Xalqlar Döstluğu Universiteti, Moskva Dövlət Pedaqoji Universiteti, Puskin adına Dövlət Rus Dili İnstitutu) müştərək proqramların icrası davam etdirilir.

Ulu öndərin 13 iyun 2000-ci il tarixli fərmanı ilə keçmiş M.F.Axundov adına APRDƏİ-nin bazasında yaradılmış Bakı Slavyan Universitetinin slavyan ölkə­lərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri bu gün azərbaycanşünaslığın və xalqımıza xas olan multikultural dəyərlərin MDB və Avropa məkanında yayılmasına xidmət edir, yunan-slavyan və roman-german mədəniyyəti nümunələrinin Azərbay­canda tanıdılmasına və gənc nəslin bu mədəni irsə dərindən yiyələnməsinə səy göstərir. Azərbaycan xalqının Ümummilli lideri, Avrasiya məkanında və bütün dünyada gedən inteqrasiya proseslərinin gözəl bilicisi Heydər Əliyevin ideyası əsasında yaradılmış bu ali məktəbdə təkcə slavyan və türk xalqlarının tarixi və ədəbi-mədəni əlaqələrinin deyil, həm də Avrasiya arealını Qərblə birləşdirən tarixi, mədəni, ədəbi, dil və din, insani münasibətlərin öyrənilməsinə və gündəmdə saxlanılmasına ciddi önəm verilir.

Telman Cəfərov
Bakı Slavyan Universitetinin tədris işləri
üzrə prorektoru, professor

Məqalədə:
Xəbər lenti

Xəbər lenti