...

Azərbaycan Gimnastika Federasiyasının baş katibi: Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatının keçirilməsinə hazırıq (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2019 19:17 (UTC +04:00)
Təşkilat baxımından biz Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatının keçirilməsinə hazırıq.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi: Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatının keçirilməsinə hazırıq (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Təşkilat baxımından biz Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatının keçirilməsinə hazırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O bildirib ki, bu gün Beynəlxalq Gimnastika Federasiyasının rəsmi nümayəndələri Bakıya gəlib:

“Onlar yarış zalına baxış keçiriblər. Bilet satışına gəldikdə, artıq 8500-dən çox bilet satılıb. Sevindirici haldır ki, biletlərin 45 faizi onlayn sistem vasitəsilə xarici azarkeşlər tərəfindən alınıb. Rusiya və Türkiyədən olan azarkeşlərlə yanaşı, Milli Gimnastika Arenası Xorvatiya, İsrail, İtaliya, İspaniya, Yaponiya, Paraqvay və digər ölkələrdən olan azarkeşləri qəbul edəcək”.

Baş katibin sözlərinə görə, milli komandanın üzvləri uzun müddətdir ki, intensiv məşqlər keçirir:

“Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luazn və Məryəm Səfərova təmsil edəcək. Qrup hərəkətlərdə komandanın tərkibinə Diana Əhmədbəyli, Ayşən Bayramova, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina daxildir. Ümid edirik ki, doğma divarlar arasında məsuliyyətin daha çox olmasına baxmayaraq, gimnastlarımız nəyə qadir olduqlarını göstərəcək”.

N.Məmmədzadə qeyd edib ki, Dünya Çempionatında fərdi proqramda 150-dən çox gimnast, qrup hərəkətərində isə 24 komanda çıxış edəcək:

“Bu yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün maraq böyükdür. Fərdi çoxnövçülük proqramında ilk 16 yeri tutan gimnastlar oyunlara lisenziya qazanacaq. Qrup komandalarına gəldikdə isə Bolqarıstan, Rusiya və İtaliya komandaları artıq lisenziya alıb. Bakıda daha 5 komanda lisenziya qazanacaq”.

O, həmçinin yarışın proqramı barədə də danışıb:

“Sentyabrın 16, 17, 18 və 19-da fərdi proqramda təsnifat yarışları, 17-i və 19-da ayrı-ayrı alətlərdə finallar keçiriləcək. Sentyabrın 19-da komanda hesabında da qaliblər müəyyən olunacaq. Sentyabrın 20-də gimnastlar çoxnövçülükdə mübarizə aparacaq. Sentyabrın 21-i və 22-də qrup hərəkətlərdə komandalar mübarizə aparacaq. Onlar həm çoxnövçülükdə, həm də ayr-ayrı alətlərlə hərəkətlərdə qalibləri müəyyənləşdirəcək”.

N.Məmmədzadə əlavə edib ki, bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi çox maraqlı və baxımlı olacaq:

“Mərasimin bədii hissəsi Şərq motivləri ilə bəzədilib. Şou “Şərq nağılı” adlanır. Mərasimdə həm də məşhur ifaçılar çıxış edəcək. Əgər tamaşaçılar hələ də bilet almayıbsa, onlara tələsməyi məsləhət görürük”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti