...

Magistraturaya qəbul üçün sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 22 Dekabr 2021 13:02 (UTC +04:00)
Magistraturaya qəbul üçün sınaq imtahanı keçiriləcək

Bakı. Humay Ağacanova - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il 26 dekabr tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 290 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

Bakalavr imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıdakı sənədləri gətirməlidir.

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi;

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edirsiniz, imzalayırsınız və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verirsiniz).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və bakalavrların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

İmtahanların idarə olunması üçün 3 imtahan rəhbəri, 34 zal nəzarətçisi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti