Bakı. Trend:
Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Təbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı,
universitetin professor-müəllim heyəti, şəhid məzunların ailə
üzvləri və yaxınları, həmçinin tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ADNSU-nun Vətən müharibəsində şəhid
olmuş məzunlarının xatirəsinə salınmış Kompleksin önünə əklil
qoyub, şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Universitetin akt zalında davam edən tədbirdə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən
müharibəsində, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda
canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, xalq və ordu birliyi
sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər
tariximizdən danışıb. Xalqımıza bu tarixi zəfəri yaşadan
oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz
açan rektor, professor M.Babanlı tarixi qələbəmizdə öz payı olan
ADNSU-nun da 23 nəfər şəhid məzunu olduğunu və onların xatirəsinin
universitetdə hər zaman uca tutulacağını qeyd edib.
Sonra ADNSU-nun 23 şəhidinin xatirəsinə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” filmi nümayiş olunub.
Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.