Bakı. Trend:
Bir müddət əvvəl iyunun 1-dən əmlakını sığortalamayan vətəndaşların cərimələnəcəyi ilə bağlı ajiotajın yaradılması doğru proses deyildi.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
R.Osmanlı məsələnin bu cür qoyuluşunun tərəfdarı olmadığını diqqətə çatdırıb. “Cərimələnmə məsələsini bu formada ortalığa atılması bu prosesə olan etimadı bir az da aşağı saldı. Burada məqsəd Azərbaycanda danşınmaz əmlak fondunu hansısa formada sığortaya cəlb etməkdir, müxtəlif formalarada bunu təşviq etməkdir. Cərimə məsələsinin ortaya atılması və prosesin cərimələr ətrafında cərəyan etməsi məsələyə münasibəti dəyişdi.
Təbii ki, hələ ki, cərimə yoxdu və düşünmürəm ki, yaxın günlərdə bu olacaq. Ancaq məsələ ondan ibarətdir ki, bu məsələ qanunvericilikdə var. Qanun var, qanunun tətbiqi ilə bağlı qərarlar mövcuddur, elektron sistem yaradılıb, cərimə edəcək müvafiq icra hakimiyyəti orqanları da bəllidir. Əgər vətəndaşın əmlakı icbarı sığorta predmentinə uyğundursa və onu sığorta etdirməyibsə qanunvericiliyə uyğun cərimələnə bilər. Ancaq proses cərimələnməyə yox, daha çox prosesi bu sahəyə olan marağın artırılmasına yönəlib”, - deyə o əlavə edib.