...

ADPU-nun Quba filialında “Şəhidliyin Elşad zirvəsi” mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 4 Dekabr 2023 11:16 (UTC +04:00)
ADPU-nun Quba filialında “Şəhidliyin Elşad zirvəsi” mövzusunda tədbir keçirilib

Bakı. Trend:

ADPU-nun Quba filialında “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycançılıq ideologiyası ilə yetişən gənclik: şəhidliyin Elşad zirvəsi” adlı tədbir keçirilib. Tədbir Vətən müharibəsi şəhidi, mayor Elşad Həsənovun xatirəsinə həsr olunub.

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə giriş nitqi ilə çıxış edən filialın direktoru, dosent Yusif Alıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu günü üçün hakimiyyətinin ilk illərində atdığı strateji addımlardan, xüsusilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılma səbəbindən danışıb, daha sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qəhrəman oğullarının canı bahasına əldə edilən tarixi qələbəmizin yaşatdığı qürurun eyni zamanda müqəddəs şəhid ailələri, qazilər qarşısındakı məsuliyyət hissini artırdığını dilə gətirib, bu istiqamətdə filialda görülən işləri sadalayıb.

Tədbirdə, eyni zamanda, Quba şəhər 6 saylı məktəbin direktor müavini, yazıçı, pedaqoq Cəmafər Əliyevanın “Murovun Elşad zirvəsi” kitabının təqdimatı da baş tutub.

Dos. Y.Alıyev bildirib ki, Cəmafər Əliyevanın “Murovun Elşad zirvəsi” kitabı şəhidimizin qəhrəmanlıq dolu həyatlarının gələcək nəsillərə ötürülməsi, öyrənilməsi baxımından olduqca vacibdir.

Daha sonra “Azad Azərbaycan” qəzetinin xüsusi müxbiri, “Qızıl qələm” mükafatı laureatı, kitabın redaktoru Tamilla Məmmədzadə, şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova, Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı Asəf Şirinov, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, şəhid Mehrab Niftəliyevin atası Zöhrab Niftəliyev və anası Xalidə Niftəliyeva, şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi, Vətən müharibəsi iştirakçısı, mayor Tarıyel Didarov, Quba şəhər 6 saylı məktəbin direktoru Üzeyir Muradov, yazar, pedaqoq Cəmafər Əliyeva çıxış ediblər. Çıxışlarda belə möhtəşəm tədbirin keçirilməsinə görə filial rəhbərliyinə minnətdarlıq olunub.

Tədbirdə həmçinin şəhid mayor Elşad Həsənova həsr olunmuş musiqi səsləndirilib, şəhid haqqında kitabın müəllifi C.Əliyeva filialın direktoru tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Qeyd edək ki, tədbirdə 30-dan çox şəhid ailəsi, qazilər və filialın əməkdaşları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti