...

Məişət zorakılığı halları zamanı barışıqlar əksər vaxtlar cinayətlə yekunlaşır - Ələsgər Novruzov

Cəmiyyət Materials 6 Dekabr 2023 12:32 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məişət zorakılığı halları ilə bağlı bizi narahat edən məsələlərdən biri də təqsirləndirilən şəxslə cəzaçəkmiş şəxsin barışmasıdır.

Trens xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, bu cür hallar əksər vaxtlar cinayətlə yekunlaşır.

Ə. Novruzov həmçinin qeyd edib ki, məişət zorakılığı ilə bağlı halların əksəriyyətində zərərçəkmiş tərəf qadınlar, təqsirləndirilən tərəf isə kişilər olurlar.

“Bu gün təəssüflər olsun ki, məişət zorakılığı ilə bağlı cinayət işlərinin çoxu sonda barışıqla bitir. Aparılan ümumiləşdirilmiş statistika nəticəsində müəyyən edilib ki, məişət zorakılığına görə təqsiriləndiriıən 421 nəfər barəsində cinayət işinə xitam verilib və həmin şəxslər azad edilib. Məhkəmə praktikasında məhz belə barışıq hallarından sonra ağır cinayət hadisələrinin olması müşahidə edilir.

Analiz edəndə müəyyən edirik ki, bunun səbəbləri mentalitetdən irəli gələn məsələlərdir. Ailənin əsas gəlir gətirəni, başçısı kişi olur. Kişinin maddi cəhətdən üstünlüyü sonra psixi üstünlüyə, fiziki üstünlüyə, sonda zorakılığa səbəb olur. Belə hallarda bağışlanmanın əsas səbəbi kimi kişinin ailənin qazanc gətirən əsas şəxs kimi təqdim edilməsi olur. Kişinin azadlıqdan məhrum edilməsi ailənin dolanışığına mənfi təsir göstərir. Belə hallarda məhkəmələr də çətin vəziyyətdə qalır və çətin şəraitdə qərarlar qəbul etməli olur",- deyə o əlavə edib.

Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti