Bakı.trend:
Zərdabda 18 km uzunluğa malik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 5 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni 6 metrə qədər nəzərdə tutulub.
Tikinti işləri yolun uzunluğu 5.4 km təşkil edən Məlikumudlu hissəsi üzrə aparılır. Sözügedən hissədə torpaq işləri, suötürücü boruların inşası, yol əsasının tikintisi və texnoloji ardıcıllığa uyğun olaraq, yeni asfalt-beton örtüyünün döşənməsi yekunlaşıb. Hazırda layihə üzrə yol çiyinlərinin bərkidilməsi işləri icra olunur.
Asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.