Bakı.Trend:
Livanın paytaxtı Beyrut şəhərində Livan-Azərbaycan Dostluq Assosiasiyası yaradılıb və tərkibi təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, təşkilatın yaradılması vaxtilə Azərbaycanın müxtəlif universitetlərində ali təhsil almış livanlı məzunların, xüsusilə doktor mühəndis Əkrəm Tarhininin təşəbbüsü ilə həyata keçirilib.
Assosiasiyanın yaradılmasında məqsəd hər iki ölkənin xalqları arasında əlaqələrinin möhkəmləndirilməsi, elm, mədəniyyət, təhsil, turizm, səhiyyə, sosial və digər sahələrdə birgə fəaliyyət göstərməkdir.
Qeyd edilib ki, assosiasiyanın prezidenti Əkrəm Tarhini Livanın İnkişaf və Bərpa Şurasının layihə rəhbəridir. O, 1991-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin təhsil alıb. Ölkəmizdə keçirilən bir sıra dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə qonaq qismində iştirak edib. Bir müddət əvvəl isə Livanın Kavaşra kəndində iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edən, eləcə də burada yaşayan türkman xalqının nümayəndələri üçün mühüm hadisə olan Azərbaycan Evinin açılış mərasiminə qatılıb.