...

Azərbaycanda Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Günü münasibətilə tədbirlər keçiriləcək

Cəmiyyət Materials 3 May 2006 15:55 (UTC +04:00)
Azərbaycanda Ümumdünya  Qırmızı Xaç və Qızıl Aypara Günü münasibətilə tədbirlər keçiriləcək

Mayın 5-dən 15-nə kimi Azərbaycanın Qızıl Aypara Cəmiyyətində Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Gününə həsr olunan müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycanın Qırmızı Aypara Cəmiyyətindən Trend ə verilən məlumata görə, 1992-ci ildən indiyə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünün, bu qəbildən olan digər Azərbaycan vətəndaşlarının iztirablarının azaldılması sahəsində faydalı iş aparmışdır. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyəti aşağıdakı proqram və layihələri həyata keçirir: fövqəladə hallara hazırlıq və cavabvermə, ilk yardım, sağlamlıq və qayğı, təmənnasız qan donorluğu, HİV/AİDS, humanitar dəyərlər, beynəlxalq humanitar hüquq və fundamental prinsiplərin yayımı, təşkilati inkişaf, yerli komitələrin inkişafı, gənclər və könüllülər, mina risklərinin azaldılması çərçivəsində "təhlükəsiz oyun meydançaları", miqrasiya (Mobil Texniki Dəstələr), humanitar yardım, axtarış xidməti və telekommunikasiya. Bütün bu fəaliyyətlər 7 Regional Mərkəz, 85 rayon və şəhər Komitəsi və eyni zamanda "Azərpoçt" Dövlət Müəssisə, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İdman Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və 2 saylı Bakı baza tibb məktəbinin nəzdində yaradılmış Qızıl Aypara Cəmiyyətinin Komitələri vasitəsilə həyata keçirilir. Cəmiyyətin 214,248 üzvü və 16,224 könüllüsü var.

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər il Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara gününü qeyd edir. Digər Milli Cəmiyyətlər kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gündə fürsətdən istifadə edərək öz haqqında bütün ictimaiyyətə məlumat çatdırır, həmvətəndaşlarını əhalinin ən zavallı təbəqələrinə və müxtəlif fövqəladə halların qurbanlarına köməklik göstərilməsi vasitəsilə öz humanitar missiyasına qoşulmağa çağırır. 8 may adətən müəyyən mövzusu altında qeyd olunur. Bu il, Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Gününün beynəlxalq şüarı "Könüllü xidmətin vasitəsilə hərtərfli yardımın göstərilməsi"dir.

Mayın 5-də saat 10:00-dan 13:00-dək cəmiyyətin könüllüləri vasitəsi ilə Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı və onun tərkib hissəsi olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında ictimaiyyət arasında sorğunun keçirilməsi planlaşdırılır. Bakı şəhərinin N.Nərimanov adına parkında keçiriləcək ictimai sorğu zamanı Qızıl Aypara tərəfindən buraxılmış informasiya materialları paylanılacaq.

Mayın 9-da saat 12:00-də Sabunçu rayonu ərazisində yerləşən 11 saylı uşaq evində 250 nəfər əqli cəhətdən zəif olan uşaqlar arasında tədbir keçiriləcək. Uşaqlar üçün bayram süfrəsi açılacaq, Azərbaycanın populyar müğənniləri və Qızıl Aypara Cəmiyyətinin könüllülərin iştirakı ilə konsert təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti