...

Qobustan Qapalı Həbsxanasında keçirilmiş monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 2 Mart 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Komitə bu gün keçirilən mətbuat konfransında ötən ilin noyabrında Qobustan Qapalı Həbsxanasında aparılan monitorinqin nəticələrini açıqlayıb. Penitensiar Xidmətdə son illər aparılan islahatların əhəmiyyətini vurğulayan komitə sədri Kamil Səlimov bu qurumun rəhbərliyi tərəfindən onlara cəza çəkmə müəssisələrində baxış və monitorinq keçirilməsi üçün lazımi şərait yaradıldığını bildirib. Qobustan həbsxanasında monitorinqin nəticələri barədə açıqlama verən K. Səlimov bildirib ki, həbsxanada işin yaxşılaşdırılması üçün ötən müddət ərzində müvafiq tədbirlər görülüb. Belə ki, həbsxananın keçmiş rəisi Sədaqət Ağayev işdə yol verdiyi nöqsanlara görə, tutduğu vəzifədən azad edilib. Məhkumların qidalanması, digər təminatları köklü surətdə yaxşılaşdırılıb. Həbsxanada yeni mətbəx tikilib istifadəyə verilib. Uzun müddətli görüş hüququnun təmin olunması məqsədilə həbsxanada fəaliyyət göstərən 4 otaq yenidən təmir olunub. İctimai Komitənin üzvləri son vaxtlar həbsxanada ölüm faktlarının artdığından narahatlıq bildiriblər. Qeyd ediblər ki, Komitə tərəfindən cəza çəkmə müəssisələrində intihar hallarının qarşısının alınması məqsədilə tədbirlər planı hazırlanır. Bu sahədəki problemlərin həlli məqsədilə təkliflər hazırlanaraq Penitensiar Xidmətin rəhbərliyinə təqdim olunacaq. Komitə üzvləri cəzaçəkmə müəssisələrində psixoloqlara ehtiyac olduğunu vurgulayıblar. Monitorinqin nəticələri əsasında hazırlanmış hesabatın ədliyyə naziri Fikrət Məmmədova təqdim olunduğu, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyü bildirilib. Penitensiar Xidmətin Qərargah rəisi Musa Hümbətov qeyd edib ki, Qobustan həbsxanası ilə bağlı bəzi problemlərin həlli qanunvericilikdən asılıdır. Belə ki, həbsxanada rejim qaydalarının dəyişdirilməsi üçün qanunvericiliyə bəzi dəyişikliklər zəruridir. O, bu ilin ikinci yarısından inşasına başlanacaq yeni həbsxananın tikintisindən sonra qeyd olunan nöqsanların tam həllini tapacağına ümidvar olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti