Bakı. Trend:
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yeni prezidenti seçilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, qurumun Norveçin Bergen şəhərində baş tutan 186-cı Konqresində fransalı David Lappartien 37 səslə qalib olub. 2013-cü ildən İttifaqa rəhbərlik edən digər namizəd, britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.
David Lappartien 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti postunu tutur. Konqresdə Azərbaycanı Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev təmsil ediblər.
F.Əliyev UEC-yə üzv olan 50 milli federasiya içərisindən seçilmiş səs hüququna malik 15 səlahiyyətli nümayəndədən biri kimi UCİ prezidenti seçkisində iştirak edib. Prezident seçkiləri başa çatdıqdan sonra UCI-ın Rəhbər Komitəsinin yeni üzvləri də seçilib.