...

Pestisidlərin sağlamlığa və ətraf mühitə təsiri araşdırılacaq

İqtisadiyyat Materials 8 İyun 2017 10:33
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Çəyirtkəkimilərlə mübarizə zamanı insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın qarşısının alınması” mövzusunda təlim-seminar öz işinə başlayıb.
Pestisidlərin sağlamlığa və ətraf mühitə təsiri araşdırılacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Çəyirtkəkimilərlə mübarizə zamanı insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın qarşısının alınması” mövzusunda təlim-seminar öz işinə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FAO-nun “Cənubi Qafqazda və Orta Asiyada çəyirtkəkimilərlə mübarizə Proqramı” çərçivəsində 5-14 iyun tarixlərində davam edəcək seminarda zərərvericilərlə mübarizə zamanı istifadə olunan pestisidlərin insan orqanizminə və ətraf mühitə vurduğu zərərin qarşısının alınması, pestisidlərin zərərli təsirinin yumşadaraşdırılacaqılması və digər məsələlər müzakirə ediləcək.

Azərbaycanda karantin və xüsusi təhlükəli zərərvericilərlə mübarizənin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, mübarizə çərçivəsində pestisidlərdən və kimyəvi maddələrdən istifadənin insan orqanizminə təsiri amilləri həmişə diqqətdə saxlanılır və təhlükəsizlik texnikaları qaydalarına ciddi əməl olunur.

C.Quliyev Azərbaycanda zərərvericilərlə mübarizə çərçivəsində çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini, lakin bu mövzuda tədbirin ilk dəfə baş tutduğunun əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycana gəlişindən məmnun olduğunu dilə gətirən FAO-nun beynəlxalq dərəcəli eksperti Harold Vander Valk, Dövlət Xidmətinin kimyəvi maddələrdən istifadə çərçivəsində böyük uğurlara nail olduğunu dilə gətirib.

Ekspert təmsil olunduğu qurumun son illərdə müxtəlif ölkələrdə bu sahədəki fəaliyyətini artırdığını söyləyib: “Bizim əsas məqsədimiz, həmin ölkələrdə zərərvericilərlə mübarizə zamanı pestisidlərdən və kimyəvi maddələrdən istifadənin insan sağlamlığına və ətraf mühitə təsirini müəyyən etmək və bu sahədə monitorinqlər keçirməkdir”.

Qeyd edək ki, 7-11 iyun tarixlərində Hacıqabul rayonu ərazisində mübarizə tədbirləri zamanı araşdırmaların aparılması, lazımi tövsiyələrin verilməsi və bu istiqamətdə yerli mütəxəssislərin hazırlanması üçün praktiki işlərin görülməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti