Bakı. İlhamə İsabalayeva - Trend:
Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.
Trend-in məlumatına görə, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.
Ay ərzində pasterizə olunmamış üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətləri ucuzlaşıb. Düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətləri isə bahalaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.