...

SOFAZ-ın və SOCAR-ın nümayəndə heyəti Heydər Əliyev adına qazma qurğusuna səfər edib (FOTO)

İqtisadiyyat Materials 12 May 2023 20:44 (UTC +04:00)
SOFAZ-ın və SOCAR-ın nümayəndə heyəti Heydər Əliyev adına qazma qurğusuna səfər edib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti hazırda Şahdəniz yatağının şərq cinahında yeni kəşfiyyat quyusunun (SDX-8) qazma işlərini icra edən Heydər Əliyev adına yarımdalma qazma qurğusuna səfər edib.

Trend xəbər verir ki, SOCAR-ın Müşahidə Şurasının üzvü, ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədovun və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirak etdiyi nümayəndə heyətinə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, eləcə də SOCAR-ın, SOFAZ-ın və bp-nin bir qrup yüksək vəzifəli rəsmiləri qoşulublar.

Səfər qazma işlərinin gedişi ilə yerində tanış olmaq və qurğunun işçi heyəti ilə görüşüb cari əməliyyatları və təhlükəsizlik göstəricilərini müzakirə etmək məqsədi daşıyıb.

Səfər çərçivəsində nümayəndə heyəti qazma qurğusu ilə yaxından tanış olub və Xəzərdə unikal sayılan bu müasir obyektin təhlükəsiz, səmərəli və etibarlı əməliyyat prosesləri və fəaliyyət mexanizmi barədə ətraflı məlumat alıb.

Daha sonra nümayəndə heyətindəki rəhbər şəxslər qurğunun işçi heyəti ilə görüşüblər və onlarla əməyin təhlükəsizliyi, əməliyyatlar və digər mühüm biznes fəaliyyətlərini müzakirə ediblər. Onlar həmçinin yüksək fəaliyyət göstəricilərinə, eləcə də əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə görə bütün işçilərə minnətdarlıqlarını bildirib və bir sıra işçini xüsusi səylərinə və töhfələrinə görə təşəkkürnamələrlə təltif ediblər.

SDX-8 quyusunun qazılmasına 20 yanvar 2023-cü il tarixində başlanıb. Şahdəniz yatağının şərq cinahında yerləşən bu quyu yatağın hazırda istismarda olan məhsuldar laylarının altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə qazılır.

Quyunun ümumi dərinliyinin təxminən 7000 metr olacağı nəzərdə tutulur. Quyunun qazılması təxminən bir il çəkəcək. Lakin mümkündür ki, nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddət daha uzun olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti