Bakı. Trend:
Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında qiymətli kağızlar üzrə investorlara edilmiş ödənişlərin statistikası açıqlanıb.
Trend Milli Depozit Mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə MDM manatla buraxılmış qiymətli kağızlar üzrə 2,2 milyard manat ödəniş edib.
Məlumata görə, yarım illik ödənişin 73,3%-i və yaxud 1,6 milyard manatı dövlət istiqrazları üzrə (261,41 milyon manatı kupon ödənişləri), 12,1%-i və ya 270,2 milyon manatı Azərbaycan Mərkəzi Bankının notları üzrə, 5,6%-i və ya 124,42 milyon manatı korporativ istiqrazlar üzrə (14,42 milyon manatı kupon ödənişləri), 9%-i və ya 200 milyon manatı isə səhmlər üzrə (dividend formasında) icra edilib.
Eyni zamanda, hesabat dövründə xarici valyuta ilə buraxılmış qiymətli kağızlar üzrə 49,34 milyon ABŞ dolları ödəniş edilib.
Bunun da 41,1%-i və yaxud 20,3 milyon ABŞ dolları dövlət istiqrazları üzrə (0,3 milyon ABŞ dolları kupon ödənişləri), 58,9%-i və yaxud 29,04 milyon ABŞ dolları isə korporativ istiqrazlar üzrə (19,04 milyon ABŞ dolları kupon ödənişləri) baş tutub.