Bakı. Trend:
Ötən ilin yanvar–noyabr aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 86,983 milyon ABŞ dolları dəyərində 253,657 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Əlavə edək ki, ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azdır.
Eyni zamanda 2025-ci ilin ilk 11 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 261,4 milyon kubmetr və yaxud 2 dəfə azdır.
