...

Azərbaycan və DB AzRIP layihəsi üçün əlavə maliyyələşdirmə üzrə saziş imzalamağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir N.İsmayılova / Azərbaycan hökuməti və Dünya Bankı (DB) arasında "Azərbaycan kənd sərmayələri" layihəsi (AzRIP) üçün əlavə maliyyə vəsaitinin ayrılması üzrə kredit sazişinin ay ərzində imzalanması gözlənilir. Bu barədə bazar ertəsi layihə rəhbəri Sübhan Əskərov bildirib.

"DB-nın Direktorlar Şurası hələ ötən ilin martında layihə üçün 15 mln. dolların ayrılmasını təsdiq edib, - deyə Əskərov bildirib. - Sadəcə olaraq sazişi imzalamaq üçün səlahiyyətin alınması üzrə prosedurdan keçmək lazım idi".

Onun sözlərinə görə, kredit vəsaitləri layihənin coğrafi cəhətdən genişləndirilməsinə yönəldiləcək. Layihənin genişləndirilməsində ölkə hökumətinin iştirak payı beş mln. dollar təşkil edəcək.

Azərbaycan DB-dən əlavə vəsaiti on il güzəştli dövr ilə 35 il müddətinə, illik 0,75 faizlik güzəştli şərtlərlə alacaq.

"Hazırda birinci layihə çərçivəsində bu günədək Azərbaycanın 21 rayonunda 340 kəndinə maliyyə dəstəyi göstərilib və layihə artıq başa çatmaq üzrədir", - deyə Əskərov bildirib.

Onun sözlərinə görə, hər bir kəndə maliyyə dəstəyinin həcmi 50 min dollara bərabərdir.

Əlavə maliyyə vəsaitləri hesabına layihənin əhatə dairəsinin daha 21 rayon genişləndirilməsi nəzərdə tutulub. Bununla yanaşı kənd icmalarına 350 infrastruktur layihəsinin reallaşdırılması üçün qrantların ayrılması planlaşdırılır. Şimal regionunda mərkəz kimi Şəki seçilib, şimal-qərb bölgəsində isə Gəncə.

AzRIP layihəsi ilkin olaraq Naxçıvan Muxtar Respublikası, Şirvan və Muğan-Salyan regionlarından 21 rayonu əhatə edirdi.

Bu DB-nin Azərbaycanda kənd təsərrüfatının inkişafına ayırdğı sonuncu güzəştli kredit olacaq.

AzRIP layihəsinin reallaşdırılması üzrə kredit sazişi 2004-cü il 23 sentyabr tarixində imzalanıb, həmin ilin 29 dekabr tarixində isə qüvvəyə minib. Layihənin ümumi dəyəri 21,1 mln. dollar təşkil edir. Bu məbləğin 15 mln. dolları Beynəlxalq İnkişaf Assosiasiyası kreditləri, 3,3 mln.dolları Yaponiya hökuməti qrantlarının payına düşür, qalan hissəsi isə Azərbaycan hökuməti (1,250 mln. dollar) və benifisiarların (icmaların) hesabına ödənib.

Əlavə malliyyə vəsaitinin ayrılması və müvafiq olaraq əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq DB AzRIP layihəsinin üç ilə reallaşdırılacağını proqnozlaşdırıb. Layihənin 2012-ci il mart ayınadək başa çatdırılması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti