...

AYİB Azərbaycanda sement zavodunun genişləndirilməsinə sərmayə yatırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2009 13:01 (UTC +04:00)
AYİB Azərbaycanda sement zavodunun genişləndirilməsinə sərmayə yatırır

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir V.Şərifov /

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yerləşən Qaradağ sement zavodunun istehsal gücünün 30 faiz artırılmasına təqribən 150 mln. dollar sərmayə yatırmağa hazırdır. Bu barədə Bakıda AYİB-in Cənubi və Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə biznes-qrupunun direktoru Olivye Dekamp (Oliver Descamps) bildirib.

"Biz Azərbaycan hökumətinə və Holcim şirkətinə Qaradağ sement zavodunun gücünün artırılmasına sərmayə yatırmağa hazır olduğumuzu bildirmişik. MDB-nin ən iri sement zavodlarından birinə sərmayə yatırımı iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm siqnaldır", - deyə Dekamp vurğulayıb.

Garadagh Cement SC-nin tərəfdaşları İsveçrə Holcim (69,4 faiz), AYİB, Azərbaycan İnvestisiya Şirkətidir (10 faiz) və özəl səhmdarlardır (10,6 faiz).

Avropa bankının sərmayələri Qaradağ sement zavodunun istehsal gücünün hazırkı ildə 1,3 mln. tondan 1,7 mln. tonadək artırmağa, həmçinin bir ton sement istehsalı üçün enerji sərfiyyatını azaltmağa imkan verəcək.

"Bu vəsaitlərin ayrılması iki ay ərzində təsdiq ediləcək, biz layihəni gecikdirə bilmərik", - deyə Dekamp bildirib.

Bu gün Bakıda hökumət nümayəndələri ilə çoxsaylı görüşlər keçirən AYİB-in biznes-qrupunun direktoru səfərin yekunu üzrə bildirib ki, "səfər olduqca səmərəli olub".

"Azərbaycanda vəziyyət qonşu dövlətlərə nisbətdə daha yaxşıdır. Bu, Dövlət Neft Fondunun yaradılması, neft-qaz sektorunun optimallaşdırılması, rəqabətqabiliyyətli bank bazarının yaradılması da daxil olmaqla, çox illər öncə ölkə tərəfindən qəbul olunan qərarların nəticəsində əldə olunub", - deyə Dekamp bildirib.

Onun sözlərinə görə, bir çox illər ərzində Azərbaycan hökuməti daxili və xarici borclara konservativ yanaşıb, özəl bank sistemi isə o qədər də, xarici kreditlərdən asılı olmayıb.

Onun proqnozlarına görə, 2009-cu ilin yekununda AYİB-in Azərbaycan üçün təsdiq etdiyi sərmayələrin ümumi həcmi 1 mlrd. dolları ötəcək. 2008-ci ildə bank Azərbaycanda 19 layihənin reallaşdırımasına 120 mln. dollar vəsait ayırıb. 2009-cu ildə isə bu həcm 14-15 layihə üzrə 220 mln. dollar təşkil edəcək.

"2010-cu ildə biz 2009-cu ilə nisbətdə daha çox sərmayə yatırmağı planlaşdırırıq", - deyə Dekamp bildirib və əlavə edib ki, bank Azərbaycan iqtisadiyyatının bank və real sektoruna, kiçik və orta sahibkarlığa və elektroenergetika sektoruna dəstək üçün yatırılacaq sərmayələri iki qat artırmaq niyyətindədir.

"Biz bunu 5 ildən 15 ilədək uzunmüddətli maliyyələşdirmə hesabına etməyə hazırlaşırıq", - deyə Dekamp qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti