...

Azərbaycanda Britaniya biznesi üçün imkanlar Londonda nəzərdən keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2010 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın yüksəkvəzifəli nümayəndə heyəti 2010-cu ilin martın 8-də Londonda keçiriləcək "Azərbaycanda Böyük Britaniya" ticarət-investisiya forumunda iştirak edəcək. Bu barədə Azərbaycan Beynəlxalq Bankı bazar ertəsi məlumat verib.

Forumda energetika, maliyyə xidməti və sığorta, təhsil, infrastruktur, kənd təsərrüfatı, pərakəndə ticarət və turizm sahələrində Azərbaycanın iqtisadi imkanları təqdim ediləcək.

"Azərbaycanda Böyük Britaniya" forumu Azərbaycanda Britaniya biznesi üçün cari sərmayə mühiti, layihə maliyyələşdirilməsi, sərmayə stimulu, energetika, iqtisadiyyatın diversifikasiyası, təhsil və sahibkarlıq imkanları kimi məsələləri əhatə edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov, ARDNŞ-nin sərmayə və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Anglo Asian Mining şirkətinin prezidenti Rza Vəziri, AzMeCo-nun baş direktoru Nəsib Piriyev və başqaları daxil olacaq.

Forum Yaxın Şərq Assosiasiyası tərəfindən təşkil olunub və son iki il ərzində yüksəksəviyyəli iki böyük missiyanın yekunu olacaq. Yaxın Şərq Assosiasiyası Azərbaycan Beynəlxalq Bankı ilə birgə Azərbaycan-Britaniya biznes şurası yaradıb. Şura 2009-cu ilin sentiyabrından fəaliyyətə başlayıb.

Britaniya tərəfindən şuraya ilk həmsədr Lord Hauell və Azərbaycan tərəfindən ABB idarə heyətinin sədri Cahangir Hacıyev seçilib.

Şura Azərbaycan və Böyük Britaniya arasında işgüzar əməkdaşlığın genişlənməsini və iki ölkə arasında investisiya və ticarət əlaqələrinin möhkəmləndirilməsini öz qarşısına məqsəd qoyub. Bu zaman şura ABB ilə və sənayenin bütün sahələrini, ticarəti və maliyyə sahəsini təmsil edən 400 şirkəti əhatə edən və Birləşmiş Krallıqda işgüzar assosiasiyalar arasında ən qədimi və böyük nüfuza malik olan Yaxın Şərq Assosiasiyası ilə sıx əməkdaşlıq edəcək.

Xəbər lenti

Xəbər lenti