Gürcüstan, Tbilisi, 20 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Həmkarlar İttifaqları Birliyi işçilərin hüquqlarının müdafiəsi tələbi ilə aprelin 20-dən Zestafoni və Çiatura (Qərbi Gürcüstan) şaxtaçılarının xəbərdarlıq tətilinə başlayır.
Gürcüstan Həmkarlar İttifaqları Birliyinin məlumatına görə, son vaxtlar baş verən bədbəxt hadisələr və istehsalat zədələri səbəbindən Həmkarlar İttifaqları və şaxtaçılar birgə tədbirlər qəbul etmək qərarına gəliblər. Lakin problemlərin həllinin müzakirə olunacağı yerdə - Zestafoni və Çiaturada görüşlər təzyiq və nəzarət altında keçib.
"Görüşlər iki mərhələdə planlaşdırılıb - aprelin 10-da Zestafonidə, aprelin 12-də Çiaturada. Hər iki halda şaxtaçılara nəzarət olunub, Çiaturada isə onlar fiziki təhqir olunublar", - Həmkarlar İttifaqının bəyanatında deyilir.
İnsidentlərə baxmayaraq, toplantının qərarı ilə Tətil Komitəsi yaradılıb və tələblərin əks olunduğu məktub təsdiqlənib. Bu tələblər sırasında əmək haqlarının 50 faiz artırılması, ödənişli məzuniyyətin 35 gün həcmində müəyyən olunması, müddətsiz əmək müqavilələrinin hazırlanması, əmək şəraitinin yaxşılaşdırılması və digər tələblər var.