...

Azərbaycanda böyük Bakının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 2035-ci ilədək "Master Plan" hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 17:30 (UTC +04:00)
Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, böyük Bakının "Master Plan"ının hazırlanmasına başlanıb.
Azərbaycanda böyük Bakının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 2035-ci ilədək "Master Plan" hazırlanacaq

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, böyük Bakının "Master Plan"ının hazırlanmasına başlanıb. Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Bakıətrafı qəsəbələrin etibarlı və dayanıqlı su təchizatı üçün Ceyranbatan su təmizləyici kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulub", - Hüseynov deyib.

Bununla yanaşı, onun sözlərinə görə, Masazır, Balaxanı, Ramana, Zirə, Pirallahı qəsəbələri istiqamətində 800-1400 millimetr diametrli, uzunluğu 150 kilometrə qədər olan paylayıcı magistral kəmərlər tikiləcək.

"Bu kəmərlərə veriləcək suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə ümumi həcmi 200 min kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır", - Hüseynov bildirib.

Onun sözlərinə görə, paylayıcı kəmərlərin və anbarların inşası Abşeron yarımadası üçün əlavə su şəbəkəsi yaradacaq ki, bu da Bakı şəhərinin mövcud kəmərlərdən su alan zonalarının daha etibarlı şəkildə su təminatının aparılmasına imkan verəcək.

"Yeni layihələrin icrası zamanı SCADA sisteminin yaradılması da nəzərdə tutulub ki, bu sistem Bakı şəhərində su və kanalizasiya şəbəkələrinin vahid mərkəzdən idarə olunmasını təmin edəcək", - Hüseynov əlavə edib.

Xəbər lenti

Xəbər lenti