...

Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatını ciddi risklər gözləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2011 13:08 (UTC +04:00)
Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatını ciddi risklər gözləmir
Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatını ciddi risklər gözləmir

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir A.Axundov /

Azərbaycan Mərkəzi Bankı (AMB) ortamüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün ciddi makroiqtisadi təhlükələr görmür. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı bildirib.

"Azərbaycan iqtisadiyyatı qlobal və lokal şoklara hazırdır", - Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son səkkiz il ərzində üç dəfə artıb ki, bunun da tarixi analoqu yoxdur.

"Azərbaycanın 2012-ci il üzrə büdcəsi çox mürəkkəb xarici fonda formalaşıb. Artıq qlobal maliyyə böhranının ikinci mərhələsi başlayır. Bəzi ekspertlər onun artıq başladığını, digərləri isə böhranın ümumiyyətlə başa çatmadığını, sadəcə olaraq bir fazadan başqa fazaya keçdiyini iddia edirlər. Bununla yanaşı, bu reallıqdır və o, iqtisadiyyatın dünyadakı aparıcı güc mərkəzlərini əhatə edib", - Rüstəmov deyib.

Onun sözlərinə görə, bu, ilk növbədə Avrozona ölkələrinə toxunur. Onların həm daxili, həm də xarici dövlət borclarının ümumi həcmi 12 trilyon dollara çatıb ki, bu da fantastik səviyyədir.

"ABŞ iqtisadiyyatında bərpa prosesləri çox ləng gedir. O Avropa iqtisadiyyatı ilə çox sıx bağlıdır. İşsizliyin 9 faiz səviyyəsində olması çox yüksək göstəricidir. Avropa və ABŞ-ın problemləri Asiya ölkələrinin iqtisadiyyatlarının tənəzzülə uğramasına da gətirib çıxara bilər, çünki onlar əsasən ixrac meyillidirlər. BVF-nin proqnozlarına görə, bu gün dünyada tənəzzülün potensialı çox önəmlidir və bunu nəzərə alaraq Valyuta Fondu bu il və gələn il üçün iqtisadi artım proqnozlarını azaldıb", - Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına yetərincə inteqrasiya olunub və o, bu gün onun əsas hissələrindən biridir.

"Təbii ki, tənəzzül, dünyada tələbin azalması dünya bazarlarında neftin qiymətlərini də azalda bilər ki, bu da son dərəcə vacib məsələdir. Belə potensial mövcuddur. Digər tərəfdən, beynəlxalq valyuta bazarlarındakı vəziyyət, volatillik, məzənnələrlə bağlı vəziyyət, borc problemi Azərbaycan iqtisadiyyatı üçün risklər kimi qiymətləndirilə bilər, çünki bizdə əhəmiyyətli həcmdə, yəni 40 milyard dollar həcmində valyuta ehtiyatları var, onlar həmin bazarlarda yerləşdirilib və idarə olunur", - AMB-nin rəhbəri bildirib.

Onun sözlərinə görə, faiz dərəcələrinin aşağı dərəcəsi bu ehtiyatların idarə olunmasından əldə olunan gəlirlərin azalmasına gətirib çıxarır. Bütün bunlar ölkənin maliyyə orqanlarında müəyyən gərginlik yaradır. "Biz həmçinin digər ölkələrdən pul köçürmələri əldə edirik, onların kiçik həcmdə olmasına baxmayaraq, əhalinin müəyyən təbəqələri, xüsusilə regionlar üçün vacibdirlər. Tənəzzül, qonşu ölkələrin iqtisadiyyatlarının zəifləməsi bu köçürmələrin həcmini azalda bilər. Bunlar başlıca risqlərdir, lakin qlobal fonda Azərbaycan iqtisadiyyatı yetərincə davamlı və inamlı görünür", - Rüstəmov deyib.

Onun sözlərinə görə, böhran illərinə baxsaq, 2009-2011-ci illərdə ölkə iqtisadiyyatı ildə orta hesabla beş faiz artıb. Dünyada baş verən proseslər nəzərə alınarsa, bu yetərincə yüksək göstəricidir.

"Cari ildə qeyri-neft sektorunda artım 9 faizə çatıb. Bu, yaxşı göstəricidir. Valyuta ehtiyatları 42 milyard dollara çatıb, ödəniş balansının profisitinin bu il ÜDM-in 67 faizinə çataraq 14 milyard dollar olacağı gözlənilir. Eyni zamanda, Yaponiyada xarici borc 200 faizə, АBŞ-da 100 faizə, digər Avropa ölkələrində 100-150 faziə çatır. Azərbaycanda isə bu göstərici səkkiz faiz təşkil edir. Beynəlxalq kontekstdə bu, əsas davamlılıq göstəricisidir", - Rüstəmov deyib.

O qeyd edib ki, bunu nəzərə alan AMB ortamüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün ciddi makroiqtisadi təhlükələr görmür. Lakin, onun sözlərinə görə, bu, o demək deyil ki, "biz rahat yaşamalıyıq və qlobal təhdidlər bizim üçün deyil".

"Bu təhdidlər həm də bizim üçündür. Əgər Azərbaycan uzunmüddətli perspektivdə öz iqtisadi davamlılığını qoruyub saxlamaq istəyirsə, bu təhdidlərə yubanmadan reaksiya verməlidir", - Rüstəmov deyib.

Xəbər lenti

Xəbər lenti