Bakı. Trend:
2024-cü ilin sonuna olan vəziyyətə görə Azərbaycanın kredit portfeli bütün əsas seqmentlər üzrə artıb, biznes kreditlərinin həcmi isə 2023-cü illə müqayisədə 2,2 milyard manat artaraq 14,8 milyard manata çatıb.
Bu barədə Trend dünyanın aparıcı audit və peşəkar xidmətlər təchizatçısı olan “Deloitte” şirkətinə istinadən xəbər verir.
Qeyd olunur ki, ipoteka portfeli (yaşayış daşınmaz əmlakı üzrə) 0,6 milyard manat artaraq 4,25 milyard manata yüksəlib. İstehlak kreditləri də əhəmiyyətli dərəcədə artaraq 1,51 milyard manatlıq artımla 8,44 milyard manata çatıb.
Məlumata görə, bu tendensiyalar kreditləşmədə davamlı fəallığı və həm korporativ, həm də məişət sektorunda artan tələbi əks etdirir. Eyni zamanda bank sektoru aktivlərin keyfiyyətini yaxşılaşdırmağa nail olub ki, bu da problemli kreditlərin payının 2022-ci ildəki 3,80 faizdən 2024-cü ildə 2,38 faizə enməsi ilə təsdiqlənir.
“2022-2024-cü illər ərzində Azərbaycan bank sektoru cüzi dalğalanmalarla stabil gəlirlilik nümayiş etdirib. 2024-cü ildə xalis mənfəət 2023-cü ildəki 1,1 milyon manata nisbətən bir qədər azalaraq 1 milyon manata düşüb.
Aktivlərin rentabelliyi (ROA) 2,4 faizdən 2,1 faizə, kapitalın rentabelliyi (ROE) isə 20,0 faizdən 17,9 faizə enib. Cüzi azalmaya baxmayaraq, mənfəətlilik göstəriciləri 2022-ci il səviyyəsindən xeyli yüksək olaraq qalıb”,- məlumatda qeyd olunur.