Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət əməliyyatlarının həcmi 104,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 45,2 milyon ABŞ dolları və ya 76,1% çoxdur.
Hesabat dövründə BƏƏ ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,33%-i həcmində olub.
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan BƏƏ-yə 73,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-avqust aylarında BƏƏ-dən Azərbaycana 31,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 6,2 milyon ABŞ dolları və ya 25% artım deməkdir.
Bundan başqa, hesabat dövründə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə 71,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin ilk 8 ayındakı göstəriciyə nisbətən 39 milyon ABŞ dolları və ya 2,2 dəfə artım deməkdir.
Azərbaycandan BƏƏ-yə qeyri-neft məhsullarının ixracı ölkənin ümumi ixracında 2,99% paya malik olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123 milyard ABŞ dolları və ya 3,6% çoxdur.
Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın, 15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4% azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.
Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları və ya 2,7 dəfə azdır.