Bakı. Trend:
Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Trend xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib.
Belə ki, məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 16.09.2025-ci il tarixində saat 11:00 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona döş qəfəsinin kəsilmiş-deşilmiş açıq yarası diaqnozu təyin edilib. Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:00 radələrində ölüm faktı qeydə alınıb",- deyə əlavə edilib.