...

BƏƏ prezidentinin Azərbaycana səfəri ərəfəsində Bakı və Əbu-Dabi tərəfdaşlığın yeni üfüqlərini açır

Siyasət Materials 16 Sentyabr 2025 14:18 (UTC +04:00)
BƏƏ prezidentinin Azərbaycana səfəri ərəfəsində Bakı və Əbu-Dabi tərəfdaşlığın yeni üfüqlərini açır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zaid Əl Nəhyan rəsmi səfərlə Azərbaycana gəlib. Bu səfər son illərdə dinamik və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsinə çevrilmiş ölkələrarası münasibətlərdə yeni mərhələni simvolizə edir.

BƏƏ ilə əməkdaşlığın sürətli artımında Prezident İlham Əliyevin şəxsi rolu xüsusi vurğulanır. Dövlət başçısının Yaxın Şərqdə və onun hüdudlarından kənarda strateji tərəfdaşlarla əlaqələri gücləndirməyə yönəlmiş sistemli fəaliyyəti iri investisiyalar və yeni birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır. Bu ilin iyulunda Prezident İlham Əliyevin BƏƏ-yə səfəri zamanı “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb. Bu sənəd iqtisadi əməkdaşlığın genişlənməsinə açar olmaqla yanaşı, sənaye, kənd təsərrüfatı, logistika, turizm və xüsusilə bərpaolunan enerji sahəsində layihələrin həyata keçirilməsinə imkan açır.

BƏƏ artıq Azərbaycanın energetika sahəsinə fəal şəkildə sərmayə yatırır. Əsas layihələr arasında 2022-ci ildə Masdar şirkəti tərəfindən inşa edilmiş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası, eləcə də ümumi gücü bir neçə giqavat təşkil edən iri külək və günəş layihələri var. 2024-cü ildə Masdar şirkətinin iştirakı ilə Neftçala və Biləsuvar günəş elektrik stansiyalarının, həmçinin Abşeron-Qaradağ külək elektrik stansiyasının tikintisinə başlanılıb. Bu layihələr göstərir ki, ölkələrarası əməkdaşlıq sadəcə bəyanatlarla məhdudlaşmır, konkret investisiyalar və genişmiqyaslı infrastruktur təşəbbüslərində əksini tapır.

Səfərin mühüm hissəsini diplomatik gündəlik təşkil edib. Əbu-Dabidə Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla tarixi görüş keçirib. Dialoq üçün məhz BƏƏ paytaxtının seçilməsi ölkəyə göstərilən yüksək etimadı və onun mürəkkəb məsələlərin həllində etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu əks etdirir.

Prezident İlham Əliyev Al Arabiya telekanalına verdiyi son müsahibəsində Körfəz ölkələri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb:

“Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Yeri gəlmişkən, bizim bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya yatırırlar.

Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub”,- deyə Prezident bildirib.

Bundan əlavə, 2024-cü ilin yekunlarına əsasən, BƏƏ Azərbaycana 490,2 milyon dollar həcmində sərmayə yatırmaqla ölkə iqtisadiyyatına ən çox sərmayə qoyan ilk 5 dövlət sırasına daxil olub. Bu isə ümumi xarici investisiyaların 7 faizini təşkil edir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, BƏƏ Prezidenti Azərbaycana səfərinə məhz işğaldan azad olunmuş ərazilərdən başlayıb. Şeyx Məhəmməd bin Zaid Əl Nəhyan artıq Füzuli Beynəlxalq Hava Limanının fəaliyyəti ilə tanış olub, ona bu ərazilərdə inşa edilmiş digər obyektlər barədə də məlumat verilib. Hələlik BƏƏ-nin Qarabağda konkret layihələri həyata keçirilmir, lakin yüksək səviyyəli müzakirələr və mövcud sazişlər regionun bərpası və inkişafına dair gələcək birgə təşəbbüslər üçün möhkəm baza yaradır.

Ümumilikdə, Şeyx Məhəmməd bin Zaid Əl Nəhyanın səfəri sadəcə protokol hadisəsi deyil, Azərbaycan ilə BƏƏ arasındakı münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunun göstəricisidir. Bu prosesdə isə əsas rol Prezident İlham Əliyevə məxsusdur. Onun baxış açısı və fəaliyyəti ikitərəfli tərəfdaşlığı uğurlu beynəlxalq əməkdaşlıq nümunəsinə çevirir və hər iki ölkə üçün yeni üfüqlər açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti