...

Vətəndaşlar zəruri arayışları elektron formada ala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 13:02 (UTC +04:00)
Gündəlik həyatımızda müxtəlif sahələrdə lazım olan arayışlar artıq komputeriniz qədər yaxındır.
Vətəndaşlar zəruri arayışları elektron formada ala bilər

Bakı. Trend:

Gündəlik həyatımızda müxtəlif sahələrdə lazım olan arayışlar artıq komputeriniz qədər yaxındır.

Belə ki, "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə bir sıra arayışları elektron formada əldə etmək mümkündür. Bunun üçün portaldan qeydiyyatdan keçmək və zəruri olan müvafiq elektron arayışı növünü seçmək kifayətdir.

Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün vətəndaşların ən çox müraciət etdiyi sosial xidmət "Yaşayış yeri haqqında arayış"ın əldə olunmasıdır. Bu arayışı portal üzərindən təqdim olunan "Yaşayış yeri haqqında arayış" xidmətindən istifadə etməklə heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən internet üzərindən əldə etmək mümkündür. Sözügedən arayışdan ötən ilin dekabr ayı ərzində 2528 dəfə istifadə olunub.

Hazırda "Elektron hökumət" portalı üzərindən 12 adda arayışı elektron şəkildə əldə etmək mümkündür:

-Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi
-İş yerindən arayış
-Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında arayış
-Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında arayış
-Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
-Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
-Diplom haqqında arayış
-Yaşayış yeri haqqında arayış
-Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış
-"Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatların verilməsi xidməti
-İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış
-Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışlar

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "E-hökumət" layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"ya əsasən işlənib hazırlanıb və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilən fəaliyyəti nəzərdə tutur.

"E-hökumət" layihəsi vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə, "Bir pəncərə" prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsinə şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti