...

İqtisadi inkişaf naziri İslam İnkişaf Bankının prezidentilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2006 19:58 (UTC +04:00)

Bu gün İqtisadi İnkişaf Nazirliyində İslam İnkişaf Bankının prezidenti Əhməd Mühəmməd Əlinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib. Trend agentliyinin nazirliyə istinadən yaydığı məlumata əsasən, görüşdə əməkdaşlığın perspektivləri və mövcud əlaqələr müzakirə olunub.

İqdisadi inkişaf naziri Heydər Babayev deyib ki, Azərbaycan bankla əməkdaşlığa böyük əhəmiyyət verir. İİB-nın maliyyə dəstəyi ilə avtomobil yollarının bərpası, su və elektrik enerjisilə təchizatın səviyyəsinin artırılması, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması layihələri uğurla həyata keçirilib. Bu vaxta qədər İslam bankı layihələrin gerçəkləşdirilməsinə təxminən $140 mln. ayırıb. Eyni zamanda İİB-a daxil olan Özəl Sektorun İslam İnkişaf Korporasiyası kommersiya bankları üçün kredit xətləri açıb və gələcəkdə korporasiyanın özəl sektorda birbaşa iştirakı gözlənilir.

Nazir İİB-in layihələrin maliyyələşdirilməsində daha da fəal iştirak edəcəyinə, Azərbaycan hökumətinin isə bankla əməkdaşlığın inkişafına köməklik göstərəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə noyabrın 7-9-da Bakıda keçirilməsi planlaşdırılan investisiya konfransı ilə bağlı geniş müzakirələr aparılıb. Tədbirdə İİB-ə üzv ölkələrdən təxminən 200 iş adamının iştirakı gözlənilir. Konfransın keçirilməsi üçün texniki yardımla bağlı razılıq əldə olunub.

Bankın prezidenti əməkdaşlıqdan məmnunluğunu ifadə edərək konfransın Azərbaycan üçün İİB və digər üzv ölkələrlə əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti