Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir E.İsmayılov/ "SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) 2009-cu ilin əvvəlində "Günəşli-19" platformasında iki yeni neft quyusunu qazmağa başlamağı planlaşdırır", SOCAR-dakı mənbə deyib. Hazırda platformada genişlənmə ilə bağlı iş aparılır.
"Bu il platformanın genişlənməsilə bağlı işlər yekunlaşa bilər, qazma işlərinin isə artıq 2009-cu ildən başlanacağı dəqiqdir", - mənbə qeyd edib.
Ehtimal ki, hər quyudan gündəlik neft hasilatı 150 ton olacaq.
Mənbənin sözlərinə görə, "Günəşli" yatağı köhnəldiyindən, hazırda bütün işlər qaz hasilatının səviyyəsinin sabit saxlanmasına yönəlib. "Günəşli" yatağında işləyən "28 may" Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) təqdim etdiyi "mavi yanacağın" hasilatı üzrə bu il üçün planın yalnız 95-96 faizi həyata keçiriləcək. Mənbə yataqdakı hasilatla bağlı rəqəmləri açıqlamaqdan imtina edib.
"Günəşli" yatağı SOCAR-ın müstəqil işlədiyi ən iri neft-qaz yatağıdır. SOCAR-ın hasil etdiyi neftin 60, ümumi yanacaq həcmindən qazın 70 faizi bu yatağın payına düşür.
Yeni quyularda qazma 28 may NQÇİ-nin 2008-2010-cu illər üçün SOCAR-ın da təsdiq etdiyi inkişaf proqramı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neft hasilatının sabitləşməsi və qaz hasilatı həcminin artırılması nəzərədə tutulub.
Müəlliflə əlaqə ünvanı: [email protected]