...

Azərbaycan və Türkiyə Bakıda qaz məsələləri üzrə hökumətlərarası saziş hazırlayır – ARDNŞ rəhbəri

Energetika Materials 10 May 2010 14:01 (UTC +04:00)
ARDNŞ və Türkiyənin "Botaş" Milli Boru Kəməri Şirkətinin nümayəndələri Bakıda qaz məsələləri üzrə hökumətlərarası sazişin hazırlanması üzərində çalışırlar.
Azərbaycan və Türkiyə Bakıda qaz məsələləri üzrə hökumətlərarası saziş hazırlayır – ARDNŞ rəhbəri

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Türkiyənin "Botaş" Milli Boru Kəməri Şirkətinin nümayəndələri Bakıda qaz məsələləri üzrə hökumətlərarası sazişin hazırlanması üzərində çalışırlar. Bu barədə bazar ertəsi Qaz Emalı Zavodunda ümumilli lider Heydər Əliyevin büstünün açılışı mərazimində ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, hazırda "Şahdəniz" yatağının birinci və ikinci mərhələləri çərçivəsində qazın qiymətləri və Azərbaycan qazının Türkiyə ərazisindən tranziti ilə bağlı əvvəllər əldə olunmuş prinsipial razılaşmanın detalları üzərində iş aparılır.

Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kubmetri 120 dollar dəyərində tədarük edilir. Bununla yanaşı, Türkiyənin daxili bazarında istehlakçılar üçün qazın 1000 kubmetri 300 dollardan çox təşkil edir.

Türkiyə tərəfi ilə imzalanan müqavilədə göstərildiyi kimi, "Şahdəniz" yatağından hasil edilən qazın qiymətinə tədarükə başlanandan bir il sonra baxıla bilər, yəni yeni qiymətlər 2008-ci il aprelin 15-dən tətbiq edilə bilər.

Türkiyə tərəfi dəfələrlə birinci mərhələ çərçivəsində qazın yeni qiymətinə dair tərəflər arasında razılıq əldə edilərsə, qiymət arasındakı bütün fərqlərə hazır olduğunu bildirib. "Şahdəniz"in birinci mərhələsi çərçivəsində Türkiyəyə qaz satışı yeni qiymətlə həyata keçiriləcək.

Müqaviləyə əsasən, layihənin ilkin işlənmə mərhələsi çərçivəsində Türkiyə "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti