...

ARDNŞ Türkiyənin "Petkim" neft-kimya kompleksinə investisiyaların həcmini artırmağı planlaşdırır

Energetika Materials 23 Sentyabr 2010 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yeddi-səkkiz il ərzində ARDNŞ iştirak payına malik olduğu Türkiyənin "Petkim" neft-kimya kompleksinə investisiyaların həcmini 10 milyard dollaradək artırmağı planlaşdırır. Bu barədə ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində deyib.

Onun sözlərinə görə, kompleksin xammal tələbatlarını ödəmək məqsədilə 2014-2015-ci illərədək "Petkim" yaxınlığında yeni neft emalı zavodunun tikintisinin başa çatdırılması planlaşdırılır. Zavodun ümumi gücü ildə 10-15 milyon ton təşkil edəcək və 3,5-5 milyard dollar məbləğində investisiya qoyuluşu nəzərdə tutuLUr.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

İyunun əvvəlində "SOCAR/TURCAS Rafineri AS" Türkiyənin enerji bazarının tənzimləyicisindən neft emalı zavodunun tikintisinə lisenziya alıb. Yeni zavodun gücü ildə 10 milyon ton olacaq və bunun 4 milyon tonu "Petkim"in xammala olan tələbatının ödənilməsinə yönəldiləcək. Yerdə qalan hissə, o cümlədən dizel yanacağı, aviasiya kerosini və digər enerjidaşıyıcılar Türkiyə və Avropa bazarlarında satışa çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti