...

Yanvar-fevralda Türkiyənin Ceyhan limanından neft tədarükü artıb

Energetika Materials 2 Mart 2011 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri ilə 5,7 milyon ton neft nəql edilib. Bu göstərici 2010-cu ilin analoji dövründəki ilə demək olar eyni olub. Bu barədə ARDNŞ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu kəmərlə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan və "SOCAR Trading" şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu) aldığı neft nəql olunur. Martın 1-nə olan məlumata görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən onunla 149,2 milyon ton neft vurulub.

Fevralda boru kəməri ilə 2,8 milyon ton Azərbaycan nefti nəql olunub.

Ümumilikdə 2010-cu ildə BTC ilə 2009-cu ildəki 36,2 milyon tona nisbətdə 37 milyon ton neft daşınıb.

Yanvar-fevral aylarında Türkiyənin Ceyhan limanından dünya bazarlarına 5,5 milyon ton neft çıxarılıb. 2010-cu il in eyni dövüründə bu göstərici 5,4 milyon tona yaxın təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci il mart ayının 1-dək Ceyhan limanından 147,4 milyon ton Azərbaycan nefti dünya bazarlarına göndərilib.

Fevralda Ceyhandan 2,9 milyon ton Azərbaycan nefti yola salınıb. Bunun 1,92 milyon tona yaxını ARDNŞ-nin neftinin payına düşür.

2010-cu ildə Ceyhan limanından dünya bazarlarına 2009-cu ildəki 36,3 milyon tona qarşı 37,3 milyon ton neft göndərilib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Bu, inşaat işlərinə, boru kəmərinin doldurulmasına çəkilən xərclər və maliyyə xərcləridir. Bank faizlərinin ödənilməsi bura daxil deyil. Maliyyə kreditinin ümumi həcmi 2,6 milyard dollar təşkil edir.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti