...

"Şahdəniz" konsorsiumu ITGI layihəsinin konsepsiyalarına yenidən baxılmasına dair təklif alıb

Energetika Materials 7 İyun 2012 17:13 (UTC +04:00)
ITGI layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiuma layihənin konsepsiyalarına yenidən baxılması ilə bağlı təklif təqdim edib.
"Şahdəniz" konsorsiumu ITGI layihəsinin konsepsiyalarına yenidən baxılmasına dair təklif alıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.İsmayılov/

ITGI layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiuma layihənin konsepsiyalarına yenidən baxılması ilə bağlı təklif təqdim edib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən XIX "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" Beynəlxalq konfransında "IGI-Poseidon" şirkətinin baş direktoru, "Edison" şirkətinin beynəlxalq qaz nəqliyyatı şəbəkələri üzrə rəhbəri Elio Ruceri bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" konsorsiumu layihənin konfiqurasiyalarına yenidən baxılmasına dair təklifi nəzərdən keçirməyə öz razılığını verib.

"İtaliya və Yunanıstan hökumətlərinin dəstəklədikləri layihə lazımi avadanlıqların satın alınması üzrə bütün tenderlərin elan edilməsinə hazırdır", - Ruceri deyib.

"Şahdəniz" konsorsiumundan yeni təkliflərlə bağlı mənfi cavab alınacağı halda, layihə alternativ qaz mənbələri axtarışını davam etdirəcək.

Bundan əvvəl, fevral ayında "Şahdəniz" konsorsiumu ITGI layihəsini Azərbaycan qazının Avropaya nəqli üzrə mümkün ixrac marşrutlarının siyahısından çıxararaq İtaliyaya qaz tədarükü üçün TAP layihəsini prioritet hesab etmişdi.

Bu, Azərbaycan qazının Avropaya ixrac marşrutlarının seçimi prosesində ilk addım idi. İyunda Azərbaycan Cənub-Şərqi və Mərkəzi Avropa istiqamətlərində marşrutlarını müəyyən edəcək, layihənin seçimi üzrə yekun qərarın isə 2013-cü ilin ortalarında qəbul ediləcəyi gözlənilir.

Ölkənin mümkün ixrac marşrutlarının siyahısı kifayət qədər genişdir: oraya TAP (Transadriatik boru kəməri), "Nabukko" (yaxud "Nabucco West") və SEEP (Cənub-Şərqi Avropa qaz kəməri) daxildir.

Xəbər lenti

Xəbər lenti