...

AİB artıq Azərbaycana COP29 üzrə texniki yardım göstərməyə başlayıb - Baş direktor

Yaşıl iqtisadiyyat Materials 4 May 2024 15:19 (UTC +04:00)
AİB artıq Azərbaycana COP29 üzrə texniki yardım göstərməyə başlayıb - Baş direktor
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) artıq Azərbaycana COP29 üzrə texniki yardım göstərməyə başlayıb.

Bu barədə Trend-in sualına cavab olaraq, AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov AİB-in Tbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdə deyib.

"AİB Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsindən məmnundur. Bəziləri bu seçimi tənqid edə bilər, çünki Azərbaycan neft və qazla zəngin ölkədir. Lakin bizim tamamilə əks nöqteyi-nəzərimiz var. Bu, ev sahibliyi edən ölkəyə karbon qazı tullantılarının azaldılması üzrə təşəbbüs irəli sürmək üçün böyük stimul verir", - o deyib.

Jukov xatırladıb ki, AİB prezidenti COP29-un Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirib.

"AİB COP29-da uğurlu danışıqlar aparmaq üçün hökumətin potensialını gücləndirmək üçün texniki yardımın göstərilməsinə artıq başlayıb", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti