...

Fransa başqalarını əsassız ittiham etmək əvəzinə öz qaranlıq tarixinə baxmalıdır - ŞƏRH

Siyasət Materials 17 May 2024 13:50 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın daxili işlər naziri Jerar Darmanin 16 may 2024-cü il tarixində “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də, Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair növbəti əsassız fikirləri səsləndirib. Fransa yenə də öz müstəmləkəçilik siyasətini görməzdən gələrək başqalarına böhtan atmağa çalışıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Fransa başqalarına qarşı əsassız ittihamlar irəli sürmək əvəzinə öz qaranlıq tarixinə baxmalıdır.

“Heç şübhəsiz, dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətini, bunun nəticəsində soyqırımları, etnik təmizləmələr aparmasını unutmayıb. Fransanın Əlcəzairdə törətmiş olduğu soyqırımı aktı bunun bariz nümunəsidir. Bu mənada, Fransa kimi ölkənin ədalətli davranması qeyri-mümkündür”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün Yeni Kaledoniyanın müstəqillik uğrunda apardığı mübarizə ilə bağlı Azərbaycanı günahlandırmaq heç bir məntiqə sığmır və qərəzli siyasətin növbəti təzahürüdür.

“Yeni Kaledoniya 50 ildən artıqdır ki, azadlıq mübarizəsi aparır. Bu mübarizə uzun illərdir davam edən Fransanın kolonial siyasətinə qarşı yönəlib. İndi bunu Azərbaycanın üzərinə yıxmaq Fransanın həm də acizliyinin göstəricisidir. Özünü sözdə demokratik ölkə adlandıran Fransa uzun illərdir ki, digər xalqların hüquqlarını kobud şəkildə pozur və bu gün başqalarına böhtan atmaqla pərdələnməyə çalışır.

Biz hər zaman Fransanın Azərbaycana qarşı qərəzli və riyakar siyasətinin şahidi olmuşuq. İstər 30 illik erməni işğalı dövründə, istər vətən müharibəsi, istərsə də sonrakı dövrdə Fransa Azərbaycana qarşı qərəzli siyasət aparıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Fransanın ölkəmizə qarşı siyasəti daha da aqressivləşib. Fransanın daxili işlər nazirinin bu əsassız ittihamları da məhz bu aqressiyadan qaynaqlanır”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputat Müşfiq Cəfərov isə Trend-ə açıqlamasında bildirib ki, Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini davam etdirir.

“Bunun nəticəsidir ki, dənizaşırı ərazilərdən olan Yeni Kaledoniyada gərginlik pik həddə çatıb. Dəfələrlə polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Bu toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq edirlər. Polislə nümayişçilər arasında olan toqquşmalar zamanı yaralananlar da var.

Adada bir müddətdir davam edən etiraz aksiyaları son günlər şiddətli toqquşmalara çevrilib. Kanak xalqına ikili standartlar tətbiq edən, assimilyasiya siyasəti yeridən Parisin bu yanaşmasına dünya susur”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Fransadan fərqli olaraq, separatizmə yox, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edir.

“Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışı zamanı “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də, soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” demişdi.

Fransa illərdir onsuz da adada keçirilən referendumlara müdaxilə edir, səsverməni saxtalaşdırır. Son addım isə gələcəkdə adanın Fransadan ayrılması üçün keçiriləcək ehtimal referendumların nəticəsinə təsir etmək məqsədi daşıyır.

Fransa bir vaxtlar Əlcəzair xalqının azadlıq hərəkatına etdiyi müdaxiləni, törətdiyi soyqırımının bənzərini Yeni Kaledoniyada kanaklara qarşı etməyə çalışır. Keçmişi qətliamlarla zəngin olan Paris, görünür, növbəti soyqırıma imza atmaq niyyətindədir. Hesab edirəm, ki, beynəlxalq təşkilatlar Kaledoniya xalqına qarşı zülmə, assimilyasiya siyasətinə qarşı çıxmalı, rəsmi şəkildə etirazlarını bildirməlidir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti