...

Gəncə sakinləri genişzolaqlı optik internet xidmətlərindən istifadə edəcəklər

Telekommunikasiya Materials 2 Fevral 2012 15:59 (UTC +04:00)
Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru Ailə TV Gəncə şəhərində öz fəaliyyətini genişləndirir.
Gəncə sakinləri genişzolaqlı optik internet xidmətlərindən istifadə edəcəklər

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru Ailə TV Gəncə şəhərində öz fəaliyyətini genişləndirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin məlumatında deyilir.

2011-ci ildən etibarən Gəncə şəhərində fəaliyyətə başlayan Ailə TV oktyabr ayından etibarən ilk qoşulmalar həyata keçirib. Gəncə şəhərində Ailə TV şəbəkəsi qısa vaxt ərzində bir sıra uğurlara imza atıb. Belə ki, hazırda Yeni Gəncə massivində və Mahrasa bağı adlanan ərazidə əhaliyə yüksək keyfiyyətli kabel televiziyası xidmətləri göstərilir. Yaxın zamanlarda Gülüstan qəsəbəsində də sakinlər Ailə TV-nin xidmətlərindən yararlana biləcəklər.

Hazırda Gəncə şəhərində ikinci filialın açılması istiqamətində işlər aparılır. Ailə TV-nin Yeni Gəncə filialının rəhbəri Elçin Səfərovun sözlərinə görə, şəhərdə ikinci filialın yaradılması işi artıq tamamlanmaq üzrədir. Belə ki, ikinci filialın açılması və şəhərdə Ailə TV şəbəkəsinin genişlənməsi üçün kifayət qədər investisiya yatırılıb və işlər görülüb. Ofis hazırlanıb, işçi heyəti yığılıb və yeni xətlərin çəkilməsi işləri həyata keçirilib. Hazırda müştəri xidmətlərinin əməkdaşlarına treninqlər keçirilir. Yaxın zamanlarda Gəncədə növbəti filialının açılışı olacaq. Yeni filialın açılması ilə Gəncə şəhərinin mərkəz hissəsində yaşayan əhali, həmçinin Abbas Səhhət qəsəbəsi və Gəncənin mikrorayonlarının sakinləri yüksəkkeyfiyyətli kabel televiziyası xidmətlərindən yararlana biləcəklər.

"Artıq vətəndaşlar tərəfindən çoxlu sayda müraciətlər var. Gəncə şəhərinin mərkəz hissəsində yenidənqurma və abadlıq işləri ilə əlaqədar həmin ərazidə binaların görünüşünü korlayan peyk antenalarının quraşdırılması qadağan olunub. Bu baxımdan həmin ərazidə Ailə TV-nin xidmətlərinə olan tələbat artır", - Səfərov deyib.

O, Ailə TV-nin mətbuat xidmətinə açıqlamasında onu da qeyd edib ki, Gəncə şəhərində Ailə NET internet provayderi əhaliyə genişzolaqlı internet xidmətləri göstərməyə hazırlaşır. "Hazırda Gəncə şəhərində genişzolaqlı fiber-optik internetə tələbat olduqca yüksəkdir. İnsanlar Bakı şəhərində Ailə NET internet-provayderinin fəaliyyəti barədə eşidiblər. Buna görə də bizim filialımıza gələrək internetə qoşulmaq barədə istəklərini bildirirlər. Bütün bunları nəzərə alaraq, Gəncə şəhərində genişzolaqlı fiber-optik internet şəbəkəsinin quraşdırılması işinə başlamışıq. Aprel ayında ilk abonentləri qəbul edə biləcəyik", - o əlavə edib.

Ailə TV-nin Gəncə filialının rəhbəri həmçinin qeyd edib ki, Kkbel televiziyasının internet provayderi kimi də fəaliyyət göstərməsi onun bazarda yerini tutmasında və möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, hazırda Gəncə şəhərində 1 meqabitlik internetin qiyməti 18-20 manat arasında dəyişir.

"Ailə NET-in təklif etdiyi internet qiymətləri isə inanılmazdır. Ailə NET-də 2 meqabit internetin qiyməti cəmi 12 manatdır. Əgər abonent internetlə TV xidmətlərindən istifadə etsə, bu qiymət daha da ucuz - yəni 2 meqabilik internet cəmi 7 manata başa gələcək. Hələ ki, Gəncə şəhərində analoji təklif irəli sürən ikinci bir şirkət yoxdur. Gəncə sakinləri səbirsizliklə Ailə NET internet-provayderinin xidmətə başlamasını gözləyirlər", - Səfərov deyib.

Genişzolaqlı optik internet xidməti İKT sahəsində ən qabaqcıl texnologiyalardan hesab olunur. Fiber-optik şəbəkə vasitəsilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Belə ki, digər şəbəkələrdə ötürülən informasiyanın həcmi meqabaytla hesablandığı halda, fiber-optik kanal üzərindən ötürülən informasiyanın həcmi daha böyük ölçü vahidi olan terobaytla (T/bits) ölçülür. Bu da yüksəksürətli internet deməkdir. Fiber-optik şəbəkə vasitəsilə təmin olunan internetdə sürət itkisi də olmur. Yükləmə sürətləri (upload, download) provayder tərəfindən verilən internetin sürətinə bərabər olur.

Xəbər lenti

Xəbər lenti