Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir H.Vəliyev/
"MilliKart Group", "Komtek" şirkəti və "Unibank"ın üçtərəfli əməkdaşlığı nəticəsində MilliÖn ödəniş terminallarında plastik kartların qəbulu mümkün olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "MilliKart" prosessinq mərkəzinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, banklar tərəfindən təklif olunan plastik kartlar kimi müasir xidmət bir çox vətəndaşlara nağd puldan istifadə etməyərək xidmət və malların problemsiz ödənilməsi üçün imkan verir.
Plastik bank kartları ilə hesablaşma proseduru çox rahat və səmərəlidir. Bundan başqa, alıcı və istehlakçılar nağd pulun istifadəsindən irəli gələn risklərdən azaddırlar.
"MilliKart" PCI DSS beynəlxalq təhlükəsizlik standartlarına uyğun sertifikatlaşdırılıb və MasterCard SecureCode və Verified by Visa (VbV) protokollarından istifadə edərək ödəniş kartları ilə əməliyyatlar üzrə məlumatların təhlükəsiz ötürülməsini təmin edir.
Qeyd edək ki, MilliÖn şəbəkəsi Azərbaycanın regionları üzrə 5 mindən artıq ödəniş məntəqəsindən ibarətdir. Hazırda terminalların sayı 1,5 min ədəddən çoxdur.