Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 77,1 milyon manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 36,8% çoxdur.
Hesabat dövründə ölkədə yalnız rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri isə 66,7 milyon manata bərabər olub ki, bu da 2024-cü ilin ilk üç ayındakı göstəriciyə nisbətən 41,7% artım deməkdir.
Cari ilin ilk üç ayında informasiya və rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyərinin ümumi yekunda xüsusi çəkisi 2,2% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3,5 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalıb.