Bakı. Trend:
Füzuli Mərkəzi Park layihəsinin xarici elektrik təchizatının layihələndirilməsi ilə bağlı işlər həyata keçiriləcək.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Qarabağ Dirçəliş Fondu artıq müvafiq işlərə yekun vurub.
Məlumata əsasən, fond parkda sözügedən işlərlə bağlı layihələndirilmə işlərini “Uni Enerji Layihə” MMC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 15,3 min manat ödənilib.
Qeyd edək ki, azad olunmuş Füzuli rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə Mərkəzi Park salınır.
Orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatı nəzərə alınaraq, parkın 22,47 hektar ərazidə salınması planlaşdırılır.
Park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.