...

Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

Siyasət Materials 6 Dekabr 2011 17:53 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb.
Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

Azərbaycan, Bakı, 6 dekabr / Trend /

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, İtaliyanın "La Repubblica" qəzetinin 2 dekabr saylı nömrəsində "Operada Azərbaycanın müstəqilliyinin qeyd olunması ilə bağlı konsert" başlıqlı yazı dərc olunub.

Məqalədə qeyd olunub ki, tədbirin fəxri qonağı Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iki ölkə arasında dostluğu möhkəmləndirmək üçün neçə gündür ki, bir sıra rəsmi görüşlər keçirir.

Məqalədə göstərilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir neçə gündür ki, Romada ölkəsinin müstəqilliyinin 20-ci ildönümü və İtaliya ilə əlaqəli bir sıra dostluq tədbirlərində iştirak edir.

"İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. YUNESKO-nun da xoşməramlı səfiri olan Mehriban Əliyeva keçirdiyi bir sıra rəsmi görüşlərdə də iki ölkə arasındakı əməkdaşlığı təsdiqləyib. İlk olaraq, dünən villa Mianidə kardinal Can-Franko Ravasi ilə görüşdə Müqəddəs Taxt-Tacla əlaqələrin gücləndirilməsi qeyd olunub. Bu münasibətlə kardinal iki ölkə arasında, o cümlədən mədəniyyət sahəsində mövcud olan güclü əlaqələri xatırlayaraq Vatikan kitabxanasında qədim Quran əlyazmaları da daxil olmaqla, 40-dan artıq Azərbaycan əlyazmasının bərpası ilə bağlı işlərin davam etdirildiyini vurğulayıb. Ravasi, həmçinin, ölkə rəhbərliyindən və Azərbaycanın birinci xanımından müqəddəs Piter və Markelinus roman katakombalarının bərpasına dəstək vermələrini xahiş edib və qədim xristian abidələri ilə bağlı belə bir işin müsəlman ölkəsi tərəfindən edilməsinin əhəmiyyətini qeyd edib. Sonra Prezident İlham Əliyevin xanımı İtaliya Baş nazirinin xanımı Elza Monti ilə görüşüb", - məqalədə yazılıb.

İtaliyanın məşhur "Corriere della Sera" qəzetində isə yazılıb ki, iqtisadi və mədəni cəhətdən İtaliyaya çox bağlı olan Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş böyük bayram tədbirləri Roma Opera Teatrında keçirilən konsertlə yekunlaşıb. Konsertdən əvvəl Azərbaycan Respublikası Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dostluq nişanəsi olaraq Romadakı mühüm bir abidənin bərpasına 100 min avro bağışlayacağını elan edib.

"Mən bu gün burada, dünya irsinin mərkəzində olmağımdan və sizinlə bu bayramı qeyd etməyimdən çox məmnunam. Mənim ölkəm gənc olmasına baxmayaraq, iqtisadi nöqteyi-nəzərdən çox böyük nailiyyətlər əldə edib", - Azərbaycanın birinci xanımı bildirdi, yazıda qeyd olunub.

"Azərbaycan Dövlət Kamera Orkestri və digər Azərbaycan qruplarının 100-ə yaxın musiqiçisinin, bu Asiya ölkəsinin xalq mahnıları və Vivaldinin əsərlərindən ibarət konserti bir çox ölkələrdən olan siyasi-iqtisadi xadimlərin və diplomatik korpusun nümayəndələrinin də daxil olduğu geniş tamaşaçı auditoriyası tərəfindən alqışlarla qarşılanıb. Həmin gün səhər Kirinale sarayında İtaliyanın dövlət başçısı Ciorcio Napolitano ilə görüşən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daha sonra bir sıra digər görüşlər keçirib. Dekabrın 1-də xanım Əliyeva ilk xarici görüşünü keçirən İtaliya Baş nazirinin xanımı Elsa Antonioli Monti ilə də görüşüb. Hər iki ölkənin birinci xanımı Alqardi a Villa Doria Pamfili iqamətgahında təşkil olunmuş işgüzar səhər yeməyi zamanı bir araya gəliblər. İtaliya 5 ildir ki, Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Xüsusilə də fəal ikitərəfli iqtisadi-ticari əlaqələr sayəsində iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir", - "Corriere della Sera" qəzetində çap olunan yazıda bildirilib.

Yazıda qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin xanımı Müqəddəs Taxt-Tacla əlaqələrin möhkəmləndirilməsi məqsədilə Miani iqamətgahında Mədəniyyət məsələləri üzrə Papa Şurasının prezidenti, kardinal Cianfranko Ravasini ilə də görüşüb. İki ölkə arasında mədəniyyət sahəsində möhkəm əlaqələrin mövcud olduğunu bildirən kardinal qeyd edib ki, Vatikan kitabxanası Quranın qədim əlyazmalarının da daxil olduğu 40-dan çox Azərbaycan əlyazmasının bərpasına başlayıb, onlardan 15-i artıq bərpa olunub.

İtaliyanın Canicattiweb.com saytında 29 noyabr 2011-ci ildə yerləşdirilən məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı Roma Opera Evində təşkil olunacaq tədbirdə iştirak edəcəyi qeyd olunur, tədbirdə həmçinin xalça, foto, əlyazma və tətbiqi incəsənət nümunələrindən ibarət sərginin təşkil ediləcəyi, klassik, xalq və caz musiqisinin səslənəcəyi bildirilir. Yazıda İtaliyanın Azərbaycanın birinci ticarət tərafdaşı olduğu da vurğulanır.

Ölkənin ən çox izlənən "roma.repubblica.it" saytında isə Azərbaycanın birinci xanımının İtaliya və Vatikana səfəri ilə bağlı xülasə yerləşdirilib. Xülasədə Mehriban xanım Əliyevanın İtaliyanın Prezidenti Ciorcio Napolitano, kardinal Can-Franko Ravasi və İtaliya Baş nazirinin xanımı Elza Monti ilə görüşləri və aparılan danışıqlar barədə ətraflı məlumat verilib.

Sayt yazır: "Azərbaycanın gözəl birinci xanımı Mehriban Əliyeva bir neçə gündür ki, Romada ölkəsinin müstəqilliyinin 20-ci ildönümü və İtaliya ilə əlaqəli bir sıra dostluq tədbirlərində iştirak edir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva keçirdiyi bir sıra rəsmi görüşlərdə də iki ölkə arasındakı əməkdaşlığın inkişafı məsələlərindən söhbət açmışdır".

Romanın Opera Teatrında Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir də ölkənin "Tutta Roma" qəzetində ətraflı işıqlandırılıb. Məqalədə Azərbaycan mədəniyyətinin kiçik bir parçasının Roma ictimaiyyətində doğurduğu təəssürat öz əksini tapıb. Yazıda, həmçinin Mehriban xanım Əliyevanın çıxışının xülasəsi də verilib. Qeyd olunub ki, tədbir İtaliyanın görkəmli insanlarının diqqətini cəlb edib Ölkənin məşhurlarının da iştirak etdiyi mədəni tədbir böyük maraq yaradıb.

"Romanın Opera Teatrının yeni mövsümünü açan Verdinin "Maqbet"i səhnəni uzaqdan gələn musiqiçilərin ixtiyarına verdi. Bir neçə gün teatrın foyesi Avropanın son hüdudları hesab olunan ölkənin bayram tədbirlərinin məkanına çevrildi". Bu, İtaliyanın nüfuzlu "Cronaca di Roma" qəzetinin "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva. Azərbaycanın Operada uğuru" sərlövhəli yazısının ilk cümlələridir.

Məqalədə deyilir: "İncəsənət, musiqi, təamlar- Azərbaycanın birinci xanımı ölkəsini İtaliyada belə təqdim edir". Bəli, İtaliya cəmiyyəti bu təqdimatı uzun illər unutmayacaqdır. Çünki Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyanın paytaxtında keçirilmiş təntənəli tədbir rəngarəngliyi, məzmun və forma gözəlliyi, təkrarolunmazlığı ilə qəlblərdə dərin iz buraxdı.

Azərbaycanın birinci xanımının həm Vatikan, həm də İtaliyada görüşləri, həmçinin təntənəli tədbirlər paytaxt Romanın ictimai və mədəni həyatının ən önəmli hadisələri kimi işıqlandırıldı.
"Giornalistica İtalia" agentliyi noyabrın 30-da Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Opera Teatrında təşkil olunacaq böyük tədbir barədə anons verilmişdir. Yazıda bu tədbirin ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmlədəcəyi bildirilmişdir.

"Cronaca di Roma" qəzetinin 2 dekabr tarixli nömrəsində də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri və ölkənin Baş nazirinin xanımı Elza Monti ilə görüşü barədə məqalə dərc olunmuşdur. Məqalədə qeyd olunur ki, ölkəsinin müstəqilliyinin bərpasının 20-ci ildönümünün təbliği məqsədi ilə İtaliyada səfərdə olan birinci xanım Mehriban Əliyeva Elza Monti ilə görüşmüş, təhsil sahəsində əhəmiyyətli danışıqlar aparmışdır.

Xəbər lenti

Xəbər lenti